ABŞ dövlət katibi Blinken Türkiyədə səfərdədir

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Antoni Blinken helikopterdə Hatay vilayətində zəlzələdən zərər çəkmiş bölgələri izləyir, 19 fevral 2023-cü il.

ABŞ dövlət katibi Antoni Blinken Türkiyə və qonşu Suriyada 46 mindən çox insanın ölümünə və milyonlarla insanın evsiz qalmasına səbəb olan 7,8 bal gücündə zəlzələnin dağıdıcı nəticələri ilə yaxından tanış olmaq üçün bazar günü Türkiyəyə səfər edir.

Antoni Blinken Türkiyəyə Almaniyada qatıldığı Münhen Təhlükəsizlik Konfransında iştirak etdikdən sonra gedib.

ABŞ dövlət katibi Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birlikdə Hatayda zəlzələ nəticəsində dağıntıları helikopterdə havadan izləyib.

“Türkiyədə baş verən zəlzələlərin dağıntılarını şəxsən görmək məni çox kədərləndirdi. Birləşmiş Ştatlar xilasetmə, yardım və bərpa işlərinə kömək etmək üçün əlindən gələni etməyə sadiqdir,” Blinken Twitter səhifəsində mesajında yazıb.

ABŞ dövlət katibinin ABŞ-ın İncirlikdə hərbi bazasında logistik yardım sahəsinə baxış keçirəcəyi və zəlzələdən zərər çəkən Türkiyə əsgərlərinin ailələri ilə görüşəcəyi gözlənilir.

ABŞ-ın axtarış-xilasetmə qrupu ilə də görüşəcək Blinkenin habelə Suriya müxalifətinin nəzarətində olan bölgədə fəaliyyət göstərən könüllü mülki müdafiə təşkilatı Ağ Dəbilqəlilərlə də görüşü planlaşdırılıb.

Bayden administrasiyası zəlzələdən sonra ilk mərhələdə 85 milyon dollarlıq humanitar yardımın ayrıldığını açıqlayıb.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) qrupları 200 nəfər, 12 it və 77 ton yardım materialı ilə zəlzələ bölgəsinə gedərək, Adıyamanda axtarış-xilasetmə qruplarına qoşulub.

Blinkenin bazar ertəsi Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü gözlənilir.

ABŞ dövlət katibinin Türkiyədə görüşləri xarici işlər naziri Çavuşoğlunun keçən ay Vaşinqtona səfərindən sonra keçirilir. İki NATO müttəfiqi İsveç və Finlandiyanın NATO-ya üzvlüyə dair müraciətləri ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılmasına çalışır.

Danışıqlar zamanı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və F-16 təyyarələrinin Türkiyəyə satışı məsələsinin əsas diqqət mərkəzində olan məsələlər sırasında olacağı gözlənilir.