ABŞ Ukraynanın yazda Rusiyaya qarşı hücuma hazırlaşdığını bildirir

Your browser doesn’t support HTML5

ABŞ Ukraynanın yazda Rusiyaya qarşı hücuma hazırlaşdığını bildirir

Rusiyanın Ukraynaya hərbi təcavüzə başlamasından təxminən bir il sonra ABŞ müdafiə naziri Lloyd Austin Kyiv hökumətinin Rusiya qüvvələrinə qarşı döyüş meydanında üstünlüyü ələ keçirmək şanslarını müsbət qiymətləndirdiyini bildirib. Lloyd Austin bu açıqlamaları bu həftə Brüsseldə NATO ölkələrinin müdafiə nazirlərinin görüşündən sonra verib. ABŞ müdafiə naziri Ukraynanın yaz aylarında Rusiyaya qarşı hücuma başlayacağını gözlədiyini deyib. O, Ukraynanın Müdafiəsi üzrə Əlaqə Qrupunun 54 üzvünün əsas diqqəti hazırda Kyivi ehtiyac duyulan sursat və yanacaqla təmin etməyə yönəltdiyini bildirib.

ABŞ-ın rəhbərlik etdiyi Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun üzvlərinin bu həftə Brüsseldə keçirdiyi görüşdə müdafiə naziri Lloyd Austin açıq şəkildə bildirib ki, Ukrayna Rusiya işğalına qarşı mübarizədə tək deyil. Austin hazırkı durumla bağlı sualı cavablandıraraq bunları söyləyib.

“Ukraynanın ilk mümkün anda etmək istədiyi şey impuls və döyüş meydanında onun xeyrinə olan şərait yaratmaqdır. Buna görə də biz onların yazda nə vaxtsa hücuma keçəcəyini gözləyirik”.

Austin qrupda təmsil olunan 54 ölkənin Rusiyanın hücumlarını artırdığı bir vaxt Kyivin ehtiyac duyduğu sursat və silah təchizatını təmin etmək üçün əlindən gələni edəcəyini bildirib.

Rusiya Müdafiə Nazirliyi bazar ertəsi bu görüntüləri yayımlayaraq, bunun Ukraynada fəaliyyət göstərən artilleriya və hava hücumundan müdafiə birləşmələrini göstərdiyini bildirib. ABŞ müdafiə naziri Rusiyanın Ukraynaya çoxlu sayda yeni qüvvə göndərdiyini, lakin onların çoxunun zəif təchiz olunub və təlim keçdiyini deyib.

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli qeyd edib ki, Rusiya Ukraynanın Donbas bölgəsində irəliləməyə davam edir.

“Onlar hazırda Donbasa hücum edirlər. Onların irəliləməsi ləng gedir, bu, tükətmə müharibəsidir, onlar ağır itkilər verirlər. Liderlik və əhval-ruhiyyə yaxşı səviyyədə deyil. Onlar çox güclü şəkildə mübarizə aparır. Amma onların sayı çoxdur”.

Rusiya ordusunun sözçüsü bazar ertəsi bildirib ki, onun sözlərilə “könüllü hücum bölmələri” raket və artilleriya qüvvələrinin dəstəyi ilə Baxmutun şimalında bir kəndi ələ keçirib.

Ukrayna şərqdə döyüşən şəhərin ətrafında vəziyyətin “mürəkkəb” olduğunu etiraf edib.

Ukrayna özünü müdafiə üçün Qərbdən qırıcı təyyarələr istəyib, lakin Austin bununla bağlı elan edilməli heç bir açıqlama olmadığını bildirib. O, ABŞ-ın Polşa və ya başqa bir ölkənin öz təyyarələrini verməsinə mane olmadığını əlavə edərək, qeyd edib ki, bu, hər bir ölkənin özünün verməli olduğu bir qərardır.