Urmiyə, Kərəc və Qəzvində 7 məhkum asılıb

Hüquq-müdafiə təşkilatları bazar ertəsi günündən bəri Urmiyə, Qəzvin və Kərəc şəhərlərində daha əvvəl edama məhkum olunmuş 7 şəxsin ölüm cəzasının icra edildiyini bildirib.

Norveçdə yerləşən İran İnsan Haqları (IHR) təşkilatının məlumatına görə, bazar ertəsi günü Qəzvinin mərkəzi həbsxanasında dar ağacından asılan iki şəxs qətl ittihamı ilə "qisas" cəzasına məhkum olunmuşdular.

Qəzvində edam edilənlərin adı Əhməd Səməri və Behzad Əlirzayi olaraq açıqlanıb.

Milad Cacuyi və Məhəmmədəli Əxtəri isə fevral ayının 14-də səhər saatlarında Urmiyənin mərkəzi həbsxanasında edam ediliblər. IHR-nin bildirdiyinə görə, onlar "silahlı oğurluq' səbəbilə ölüm cəzası almışdılar.

Həmin gün Kərəc şəhərində isə narkotik maddə qaçaqmalçılığı ilə əlaqədar mühakimə edilmiş üç məhbusun edam hökmü icra edilib. Kərəcdə asılanlardan ikisinin adı Muctaba Zərəpəsənd və Mehdi Dustdari olaraq açıqlanıb. Üçüncü şəxsin adı yayılmayıb.

IHR-nin Fransada qərargahlanan Birlikdə Ölüm Cəzasına Qarşı təşkilatının (ECPM) dəstəyi ilə keçən il hazırladığı hesabata görə, İranda bəluclar başda olmaqla, qeyri-fars icmalar arasında ölüm cəzası statistikası həddən artıq yüksəkdir. Həmin hesabata əsasən, 2021-ci ildə İranda əhali sayına görə edam hallarının ən çox olduğu vilayətlər siyahısında türklərin əksəriyyətdə olduğu Qəzvin və Zəncan vilayətləri 3-cü, Ərdəbil vilayəti isə 4-cü yeri tutub.