Azərbaycan xilasediciləri Kahramanmaraşda zəlzələ fəsadlarını aradan qaldırılması üçün əməliyyatları davam etdirir

Azərbaycan xilasediciləri (foto mənbə: Fövqaladə Hallar Nazirliyi)

Türkiyədə zəlzələ bölgəsindən bu gündədək Azərbaycana 464 nəfər bu ölkənin vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları təxliyə olunub.

Bu barədə Amerikanın Səsinə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

Onun sözlərinə görə, hazırda təxliyə prosesinin davam edir.

Azərbaycanın çevik xilasetmə qüvvələri Türkiyədə zəlzələ zonasında xilasetmə əməliyyatlarını davam etdirir

Azərbaycanın çevik xilasetmə qüvvələri Türkiyədə zəlzələnin fəsadlarının aradan qaldırılması üçün əməliyyatları davam etdirir.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Azərbaycan xilasediciləri Kahramanmaraş rayonu ərazisində dağıntılar altından ümumilikdə 51 nəfəri sağ çıxarıb, 613 nəfərin isə cəsədini aidiyyəti üzrə təhvil verib.

Türkiyədən gətirilən uşaqlar müalicədən sonra ailələri ilə birlikdə sığınacağa aparılacaqlar

Fevralın 10-da Türkiyədən Azərbaycana gətirilən vətəndaşlardan 10 uşaq və 12 böyük, ümumilikdə 6 ailə tibb müəssisəsinə yerləşdirilib.

Bu barədə Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin sektor müdiri Aynurə Zeynalova bildirib.

Onun sözlərinə görə, gələn 10 uşaqdan 6-sı oğlan, 4-ü qızdır: "Ən kiçiyi 8 günlük, ən böyüyü 14 yaşındadır. Xəstəxanaya daxil olan şəxslər dərhal onlar üçün ayrılan palatalara yerləşdirilib, hərtərəfli laborator-instrumental müayinələr başlanılıb və bu gün artıq müayinələr bitmək üzrədir. 2020-ci il təvəllüdlü Asel Kutluda yüngül kataral əlamətlər müşahidə edilirdi. Ənvərcan Özkapı adlı körpənin yenidoğulmuşun sarılığı və qidalanma ilə bağlı problemi olub. Hazırda müalicə alan bütün uşaqların səhhətləri normaldır. Onlar üçün psixoloq və psixiatrlar dəvət olunub".

Nazirlik rəsmisi qeyd edib ki, müayinələr bitdikdən sonra uşaqlar valideynləri ilə birgə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan sığınacağa göndəriləcəklər.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi: 433 vətəndaşımızı zəlzələ bölgəsindən Bakıya gətirilib

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, AYNA tərəfindən təşkil olunan 11 təxliyə avtobusu ilə indiyədək 433 vətəndaşımız Gürcüstan-Azərbaycan sərhədindən paytaxta gətirilib.

"Vətəndaşlar ödənişsiz şəkildə Bakı Beynəlxalq Avtovağzal Kompleksinə çatdırlır. Hazırda sərhəddə ehtiyat avtobusları da mövcuddur", məlumatda bildirilir.