Apellyasiya məhkəməsi 30 sutka inzibati cəza almış fotobloger Vəli Şükürovun şikayətini təmin etməyib

Vəli Şükürov

Fevralın 10-da Bakı Apellyasiya Məhkəməsində fotobloger Vəli Şükürov barəsində fevralın 5-də Yasamal Rayon Məhkəməsinin çıxardığı hökmdən verilən şikayətə baxılıb.

Fərid Əyyubovun sədrliyi ilə keçirilən məhkəmə iclasında Vəli Şükürovun şikayəti təmin edilməyib.

Your browser doesn’t support HTML5

Fotobloger Vəli Şükürovun vəkili Zibeydə Sadıqova Amerikanın Səsinə danışır

Vəkil Zibeydə Sadıqova Amerikanın səsinə açıqlamasında bildirib ki, prosesdə 6 vəsatət qaldırıb:

"Mən qaldırdığım vəsatətlərdə Yasamal rayon məhkəməsində ədalətli məhkəmə araşdırması aparılmadığını bildirdim. Hadisə baş verən gün qeydə alınmış heç bir kamera görüntülərinə baxılmayıb, şahidlər dindirilməyib. Halbuki, Vəli Şükürov mülki geyimli şəxslər tərəfindən saxlanılarkən həyat yoldaşı onun yanında olub. Biz onun şahid kimi dindirilməsini tələb etdik. Bundan başqa həmin mülki geyimli şəxslərin, protokolu yazan polis əməkdaşlarının da şahid qismində dindirilməsini tələb etdik. Lakin hakim bunların heç birini təmin etmədi".

Yasamal Rayon məhkəməsinin qərarında Vəli Şükürovun əməlini boynuna aldığı və bundan peşman olduğunu bildirdiyi qeyd olunub. Vəkil Zibeydə Sadıqova bunun həqiqətə uyğun olmadığını deyib:

"Əgər Vəli Şükürov məhkəmədə belə bir şey demiş olsaydı belə, bu, yüngülləşdirici hal kimi qiymətləndirməli idi. Mən bu günki iclasda vəsatət qaldırdım ki, Yasamal rayon məhkəməsində baş tutan iclasın kamera görüntülərinə baxılsın. Bununla biz Vəli Şükürovun bu sözləri deyib-demədiyini təyin edə bilərdik. Lakin hakim bu vəsatəti də təmin etmədi".

Məhkəmə iclasında iştirak edən fotobloger çıxışı zamanı vəkilinin sözləri ilə razılaşdığını bildirib. O qeyd edib ki, barəsində çıxarılmış hökm əsassızdır.

Fevralın 5-də Yasamal rayon məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni əmrinə tabe olmama) maddələrilə fotoblogerin 30 sutka inzibati həbs edilməsi ilə bağlı qərar verib.

Sosial şəbəkələrdə fotoblogerin həbsinin hansısa məmura məxsus avtomobilin nömrə nişanı ilə maraqlanması səbəb olduğu bildirilir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, onun həbsində hər hansı siyasi səbəb yoxdur.