“SOCAR Türkiyə” şirkəti zəlzələ bölgəsində xilasetmə nəqliyyat vasitələrini pulsuz yanacaqla təmin edir

SOCAR

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə şirkəti olan “SOCAR Türkiyə” şirkəti Hatay, Adıyaman, Qaziantep, Kahramanmaraş və Şanlıurfadakı Hazar yanacaqdoldurma məntəqələrindən bütün təcili yardım, yanğınsöndürmə, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) və digər təşkilatların xilasetmə nəqliyyat vasitələrini pulsuz benzin və dizellə təmin edir.

“SOCAR Türkiyə”nin məlumatında deyilir ki, şirkət zəlzələ bölgəsində yaşayan Azərbaycan vətəndaşlarının təxliyyəsi çərçivəsində Azərbaycanın Ankaradakı səfirliyinə dəstək göstərir.

Bundan başqa “SOCAR Türkiyə” AFAD-a 6,4 milyon lirə məbləğində əsas tələbat malları təhvil verib, 3,5 milyon lirə isə bağışlayıb, Miqrasiya İdarəsi Müdirliyinin göstərişi ilə bölgəyə çatdırılacaq 500 min lirə dəyərində materialı təmin edib.

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar Türkiyə Prezidentinə ünvanladığı başsağlığında Azərbaycanın bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğunu bildirib.

Türkiyədə zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 400 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə gedib.

Bununla yanaşı, Azərbaycan Müdafiə Nazirliynin məlumatına görə, nazirliyin iyirmi nəfərdən ibarət tibbi personalı zəlzələdə xəsarət alan insanlara kömək etmək məqsədilə Türkiyədə fəaliyyətə başlayıb.