İsmayıllı bazarından reportaj: “Dövlət qayğısından məhrum olan insanlarıq”

Your browser doesn’t support HTML5

İsmayıllının şəhər bazarında sıradan bir gündür. Dolu piştaxtalarının arxasında oturan satıcılar müştəriləri səsləyirlər. Amma nədənsə bazarda tək-tük alıcı gözə dəyir. Elə satıcılar da bundan şikayətlənirlər ki, son 2 ildir alıcılıq qabiliyyəti zəifləyib.

“Bir-iki il bundan qabaq dolanışığımız çox yaxşı idi. Ona görə ki, baha deyildi, ucuz alıb, ucuz satırdıq, alverimiz yaxşı idi. Amma 2 ildir vəziyyətimiz çox pisdir. Baha alırıq, baha da satmaq istəyirik, amma alıcı yoxdur. Yenə yayda öz həyətimdə əkirəm, batanda da öz malım batır. Amma qoca arvadam, qışda həyətdə əkə bilmirəm, yerim yoxdur. Qışda həmişə alıram, həmişə də ziyana işləyirəm”.

Gülnar Kərimovanın 61 yaşı var, dediyinə görə, 38 ildir bu bazarda satıcı işləyir. Deyir, pensiyaya çıxana qədər çörək pulunu birtəhər çıxarmalıdır.

“23 yaşımdan bu işlə məşğul olmuşam, yaxşı dolanmışam, uşaqlarımı böyütmüşəm, oxutmuşam. İndi ancaq deyirəm qoy pensiyaya çıxana qədər məşğul olum, evdə otura bilmirəm. Bura da ki, belə”.

Meyvə-tərəvəz satmaqla məşğul olan Əkrəm Muradov da ehtiyac ucbatından burda işlədiyini söyləyir. O, işsizlikdən, kasıblıqdan şikayətlənir.

“Biz dəstəyi Allahdan istəyirik. Bu gün bizə heç bir dəstək yoxdur. Azərbaycanda yaşayan hamı, 60-70 faiz adam kasıblıqla məşğuldur. Heç yerdə iş yoxdur. Hara gedirsən, təhsil istəyir, iş stajı istəyir. Sən də məcbur qalırsan, qapında yer belləyib, ağac əkəsən. Onunla dolanasan. Dövlət qayğısından məhrum olan insanlarıq. Öz əkib-becərdiyimizi satırıq, qonşudan alıb, satırıq. Kiməsə borclu qalırıq, kiməsə ağız açırıq ki, dolanaq”.

Bazarda gəzdikcə qarla örtülü, açılmamış piştaxtalar, xarab olub yerdə qalan meyvə-tərəvəzlər gözə dəyir.

Səhərdən axşama soyuqda gözləyən satıcılar yandırdıqları ocaqla az da olsa, qızına bilirlər.
Günün ikinci yarısı olmasına baxmayaraq bəzi piştaxtaların üstü hələ də dopdoludur.

“Başqa nə iş var ki? Özüm sürücüyəm, amma 60 yaşında kimdir məni sürücü kimi işə götürən. Mən də məcburam pensiyaya çıxana qədər bu işlə məşğul olum. Şükür Allahın bu gününə dolanırıq. Umduğumuzu tapıb yeyirik. Bacardığımız qədər”, - Adəm Namətov deyir.

Görünən odur ki, insanların əksəriyyəti sosial vəziyyətlərindən narazıdırlar, pensiya yaşına çatmadıqları üçün bazara üz tutmalı olurlar.

Belə ki, Azərbaycanda pensiya yaşı qadınlar üçün 63, kişilər üçünsə 65 yaş müəyyən olunub. Ekspertlər, bəzi deputatlar ölkədə pensiya yaşının çox olduğunu söyləyirlər.

Statistika komitəsinin 2021-ci ilə olan məlumatına görə, ölkədə 32 faiz qadın, 47 faiz kişi 65 yaşına çatmadan vəfat edir.

Bazarda daha çox giley-güzar eşitsək də, halından məmnun olan, işini sevən satıcılar da diqqətdən qaçmır.

“Gördüyüm işdən həzz alıram. Xalqa başqa cür xidmət edə bilmədim, belə xidmət edirəm. Ondan özümə fərəh duyuram. Alıcı məndən malı alıb, gülərüz gedirsə, mən də bundan fərəh duyuram. Mən də ruzimi ondan çıxarıram”, - Etibar Vahidov söyləyir.