Türkiyə və Suriyada xilasetmə qrupları bazar ertəsi regionda baş vermiş güclü zəlzələ nəticəsində dağıntılar altında sağ qalanları tapmaq üçün işlərini davam etdirir. Son məlumatlara əsasən hər iki ölkədə ümumilikdə 5000-dən çox insan həyatını itirib.
Hava temperaturunun 0-a qədər endiyi ötən gecədən sonra iki ölkənin sərhəd boyunca bölgələrində 20-dən çox 4 bal gücündə zəlzələlər baş verib.
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Türkiyə və Suriyanın xalqlarına “təsviri mümkün olmayan bu kədər anında” dəstəyini ifadə edib.
ÜST-ün Cenevrədəki toplantısında danışan Tedros təşkilatın hər iki ölkəyə çarter reysləri ilə tibbi ləvazimatlar göndərdiyini və yaralıların sağalması, eləcə də ölkələrdə bərpa işlərində onlara dəstək olmağa çalışacağını bildirib.
"Bu, həyatları xilas etmək və onsuz da çox əziyyət çəkən insanların əzablarını yüngülləşdirmək üçün həmrəylik məqsədi ilə bir araya gəlməli olduğumuz bir andır" - deyə, o bildirib.
Türkiyənin Fövqəladə Hallar İdarəsi məlumat yayaraq bildirib ki, zəlzələlərdən zərər çəkmiş ərazilərə ləvazimat və ekipajların çatdırılması üçün quru və hava yolu ilə əməliyyatlar aparılır.
Bu səylər bölgəyə qruplar və resurslar göndərən daha çox digər hökumətlər və yardım agentlikləri tərəfindən dəstəklənir.
Türkiyə rəsmiləri çərşənbə axşamı hadisə nəticəsində ən azı 3,419 nəfərin həyatını itirdiyi, 15 mindən çox insanın xəsarət aldığını bildirib. Rəsmilərin bildirdiyinə əsasən, indiyədək 7800-dən çox insan xilas edilib, dağlan binaların sayı isə 6200-dür.
Dəməşq hökuməti və xilasetmə qruplarının məlumatına görə, Suriyada ən azı 1602 nəfər həyatını itirib və 3500-ə yaxın insan xəsarət alıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hadisədən sonra ölkə boyu 7 günlük matəm elan edib.