“Biz Bəxtiyar Hacıyevin həbsi və saxlanmasından çox narahatıq və onun səhhətində yaranan problemlər barədə məlumatlardan çox narahatıq. Biz hakimiyyətdən onu tez bir zamanda azad etməyə çağırmaqda davam edirik. Biz həmçinin hakimiyyəti siyasi məhbus və ya məhbus sayılan bütün digər şəxsləri azad etməyə çağırırıq”.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidməti Amerikanın Səsinin sorğusuna cavabda bildirib.
ABŞ Səfirliynin mətbuat xidməti bildirib ki, Birləşmiş Ştatlar Azərbaycanda və bütün dünyada insan hüquqlarına və əsas azadlıqlara hörmətin artırılmasına qətiyyətlə sadiq qalır.
“Birləşmiş Ştatlar qlobal miqyasda bütün siyasi məhbusları və məhbusları azad etməyə çağırır və biz başqalarını bizə qoşulmağa çağırırıq”, Mətbuat Xidmətinin cavabında qeyd edilir.
Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Yanvarın 21-də məhkəmə müstəntiqin vəsatəti əsasında həbs qətimkan tədbirini fevralın 28-dək uzadıb.
O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Yanvarın 13-də həbsdə olan Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.
Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və hazırda 29 gündür aclığı davam etdirir. Hacıyev bundan öncə ötən il dekabrın 10-dan 28-dək, 14 gün aclıq edib
Yanvarın 24-də ölkənin 18 vətəndaş cəmiyyəti təşkilatının rəhbəri Prezident İlham Əliyevə Bəxtiyar Hacıyevin azadlığa buraxılması xahişi ilə müraciət edib. Bununla yanaşı, çoxsaylı ictimai-siyasi xadimlər, jurnalistlər, ziyalılar, ictimaiyyət nümayəndələri sosial şəbəkələrdə "Azadlıq Bəxtiyarın haqqıdır!" devizi ilə video müraciət yayıblar.
Qeyd edək ki, vəkillərin Hacıyevin ev dustaqlığına və ya girov müqabilində məhkəmə istintaqının başlanmasınadək azadlığa buraxılması ilə bağlı çoxsaylı vəsatətlərini məhkəmələr təmin etməyib.