Siyasi şərhçi Nəsimi Məmmədli Amerikanın Səsinə müsahibəsində Tehranda Azərbaycan səfirliyinə silahlı hücumdan, o cümlədən Azərbaycan-İran münasibətlərinin regional təsirlərindən danışıb.
Amerikanın Səsi: İranda və digər ölkələrdə Azərbaycan səfirliklərinə qarşı hücumlar diplomatik nümayəndəliklərin təhlükəsizliyi məsələlərini diqqətə gətirir? Sizcə Azərbaycan diplomatik nümayəndəliklərinin təhlükəsizliyinin təminatı üçün hansı addımları atmalıdır?
Nəsimi Məmmədli: Doğurdan da Xarici İşlər Nazirliyinin son açıqlamalarına diqqət yetirsək, artıq bu istiqamətdə müəyyən addımların atıldığı ilə bağlı müəyyən xəbərlər gedir. Amma əlbəttə bunlar yetərli deyil. Azərbaycan ilk növbədə hansı ölkələrdə səfirlikləri varsa, o ölkələrə Azərbaycanın təhdid altında olması ilə bağlı ciddi xəbərdarlıqlar göndərməlidir. Çünki doğurdan da Azərbaycana son dövrlər xüsusilə İrandan təhdidlər var. Bu təhdidlərlə bağlı mütləq mənada o səfirliklər, onların yerləşdiyi dövlətlər məlumatlandırılmalıdır. Çünki biz bilirik ki, 1961-ci il Vyana Konvensiyasının 22-ci maddəsinə görə, hər bir ölkə öz daxilində olan səfirliklərin bütün təhlükəsizliyi ilə bağlı, onların sərbəst fəaliyyəti ilə bağlı öhdəliklər daşıyır. Bu nöqteyi nəzərdən əlbəttə Azərbaycan xəbərdarlıq etməlidir o dövlətlərə və səfirliyin çöldən mühafizəsi həmin dövlətlər tərəfindən, içəridən mühafizəsi isə təbii ki, Azərbaycan dövləti tərəfindən edilməldir. Biz xatırlayırıq, keçən il dekabr ayının 30–da Azərbaycan prezidentinin belə bir fərmanı oldu. Xaricdəki səfirliklərdə Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndələrinin yerləşdirilməsi qərara alındı. Bu qərar da xüsusilə təhlükəsizliklə bağlı mühafizənin gücləndirilməsi, beynəlxalq kibertəhlükəsizlik, eyni zamanda terrorizmlə mübarizə ilə bağlı məsələləri ehtiva edir. Çünki doğurdan da son dövrlər biz xatırlayırıq avqust ayında Londonda Azərbaycan səfirliyinə “Mehdinin nökərləri”-nin hücum etməsi, ardınca Fransa səfirliyinə hücum. Əbəttə bunlar Azərbaycan dövlətindən tələb edir ki, mühafizə tədbirlərini gücləndirilsin.
Amerikanın Səsi: Tehranda Azərbaycan səfirliyinə qarşı törədilmiş hucumdan sonra rəsmi Bakı diplomatik missiyanın fəaliyyətini tam dayandırıb. Sizcə, İran tərəfi Azərbaycanın etimadını qaytarmaq üçün ondan tələb etdiyi addımları atacaqmı?
Nəsimi Məmmədli: Əlbəttə, bu addım artıq diplomatik münasibətlərin tam dayandırılması anlamına gəlir. Beynəlxalq təcrübədə düzdür belə hallar olub. Amma bu hallar müvəqqəti xarakter daşıyır. Dövlətlərarası problemlər öz həllini tapdıqdan sonra demək olar ki, ortadan qalxıb. Əslində Azərbaycan-İran arasında gərginlik təkcə bizim orada səfirliyə olan hücumla bağlı deyil. Azərbaycan-İran arasında gərginlik Azərbaycanın 44 günlük müharibəsindən sonra başlayıb və qalxan xətt üzrə gedib. İran dəfələrlə Azərbaycan sərhəddində hərbi təlimlər keçirib. Eyni zamanda digər təhdidlər də olub Azərbaycana qarşı. Mən düşünürəm ki, bu təhdidlər dayanmadan Azərbaycan səfirliyinin İran ərazisində sərbəst fəaliyyətinə təminat verməyəcəyinə qədər, əlbəttə bunun bərpa edilməsi çətin görünür. Çünki ilk növbədə həmin dövlət öz öhdəliyini yerinə yetirməlidir. İran bunu edəcəkmi? Əlbəttə bu çox çətindir. İran indi gərgin bir dövrünü yaşayır. Həm daxildə, həm xaricdə belə təhlükələr var. Ona görə, birmənalı bu istiqamətdə fikir demək çətindir. Xüsusilə də İranın özünə düşmən elan etdiyi İsraillə Azərbaycanın yaxşı əlaqələrinin olması, Azərbaycanın İsraildə səfirliyinin açılması İran tərəfini ciddi şəkildə Azərbaycana qarşı təhdidlərinin artırılmasına, terror hədələrinin çoxalmasına gətirib çıxardır.
Amerikanın Səsi: Azərbaycanla İran arasında gərginlik regional müstəvidə hansı nəticələrə gətirib cıxara bilər? Vəziyyət açıq münaqişəyə kecə bilərmi? Azərbaycanın təhlükəsizliyinin təminatı üçün beynəlxalq zəmanətlər varmı?
Nəsimi Məmmədli: Əslində gərginlik indi pik həddədir. Xüsusilə İranın daxilindəki gərginlik, eyni zamanda İran sərhədlərindən kənarda olan hərbi-siyasi gərginlik, mən deyərdim ki, öz dövrünün pik nöqtəsindədir. Belə bir vaxtda İranın Azərbaycana qarşı hansı önləyici addımlar atacağını demək çətindir. Xüsusilə Azərbaycan dəfələrlə bəyan edib ki, öz ərazisindən İrana qarşı heç bir halda istifadəyə imkan verməyəcək. Amma buna baxmayaraq, İran fərqli düşünür. Azərbaycanı özü üçün təhdid qaynaqlarından biri kimi görür. Bu ehtimal hər zaman var. İran öz daxilindəki gərginlikdən diqqəti yayındarmaq üçün o problemlərdən öz qonşularına qarşı münasibətdə hərbi ritorikanı, hərbi fəaliyyətə keçirdə bilər. Bu ehtimal var. Amma bu əlbəttə İran üçün olduqca çox böyük yanlış olar. Azərbaycana hücum Türkiyəyə hücum deməkdir. Azərbaycan-Türkiyə arasında belə bir ittifaq müqaviləsi var. Eyni zamanda regionun böyük dövlətlərindən olan Rusiya istəmir ki, bu gün onun cənubunda yeni bir münaqişə ocağı yaransın. Çünki Rusiyaya bu gün Cənubi Qafqazda, Orta Asiyada sabitlik lazımdır. Bu olmayacağı təqdirdə Rusiyanın doğurdan da vəziyyəti getdikcə pisləşəcək. Bu baxımdan İran bunu anlamalıdır ki, nə Rusiyanın, nə Türkiyənin, nə Azərbaycanın maraqlarında deyil. Eyni zamanda İranı uzun müddətdir bu və ya digər şəkildə vurmaq üçün fürsət gözləyən böyük dövlətlər var. O dövlətlərin də əlinə bir bəhanə düşə bilər. İranın bu bataqlıqdan çıxması çox çətin olar. Yəni sağlam məntiq onu deyir ki, İran belə bir yanlış addım atmaz. Amma dediyim kimi, İran rejimi proqnoz edilməyən rejimdir.
Xatırlatma
Yanvarın 27-də silahlı şəxs Azərbaycanın Tehrandakı səfirliyinin mühafizə postunu atəşə tutub. Hücum nəticəsində diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb. Tehran polisi şübhəli şəxsi həbs etdiyini bildirib.
İran rəsmiləri yanvarın 27-də baş verən hadisəni pisləyib və silahlı şəxsin siyasi deyil, şəxsi motivi olduğunu bildirib. Azərbaycan prezidenti İlham Əliyev silahlı hücumu terror aktı kimi qiymətləndirib. Hadisə İran və Azərbaycan arasında münasibətlərdə son zamanlar gərginliyin artdığı vaxt baş verib. Hücumdan sonra İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tamamilə dayandırıb.