İran mediası fevralın 5-də islahatçı qəzetin jurnalistinin rəsmilər tərəfindən saxlanıldığı barədə məlumat verib. Elnaz Məhəmmədi Məhsa Əmininin ölümü ilə bağlı məlumat yaydığı ilə əlaqədar hələ də həbsdə olan jurnalist İlahə Məhəmmədinin bacısıdır.
İslahatçı Həmmihan qəzetinin müxbiri olan Elnaz Məhəmmədinin Tehranın Evin prokurorluğuna “izahat vermək üçün” getdikdən sonra saxlanıldığı bildirilir. Məhəmmədinin prokurorluğa çağırılmasını səbəbləri açıqlanmayıb. Onun bacısı İlahə Məhəmmədi sentyabrın 29-da Əmininin dəfn mərasimindən Həmmihan qəzetinə məlumat verdikdən sonra həbs edilib.
İranın Ədliyyə Nazirliyi Nilufər Hamidi və İlahə Məhəmmədinin milli təhlükəsizliyə qarşı fəaliyyət göstərmək və dövlət əleyhinə təbliğat aparmaq niyyəti ilə əlbir olmaqda ittiham olunduğunu bildirib.
Nilufər Həmidi baş örtüyünü düzgün örtmədiyi iddiası ilə polis nəzarətində olan zaman komaya düşən Məhsa Əminin valideynlərinin Tehran xəstəxanasında qucaqlaşdıqlarını göstərən fotonu çəkən jurnalistdir. Onun Twitter sosial şəbəkəsindəki bu fotosu hadisə ilə bağlı ilk xəbər olub.
İlahə Məhəmmədi Əmininin ölkəni bürümüş kütləvi etirazların başladığı doğma şəhəri olan Sagezdə dəfn mərasimini işıqlandırıb.
İranın kəşfiyyat xidməti İslam Respublikası hökumətinin heç bir sübut olmadan ABŞ və digər Qərb güclərinin iğtişaşların arxasında dayandığına dair irəli sürdüyü iddiaların bir hissəsi olaraq, 30 yaşlı Nilufər Həmidi və 35 yaşlı İlahə Məhəmmədini Mərkəzi Kəşfiyyat İdarəsinin agentləri olmaqda ittiham edib.