Güneyli fəal Əli Şadi müvəqqəti olaraq girov müqabilində həbsdən buraxılıb

Güneyli fəal Əli Şadi

İranda keçirilən ümummilli etirazlar ilə əlaqədar Təbriz şəhərində həbs edilən azərbaycanlı milli fəal Əli Şadi müvəqqəti olaraq Təbriz Mərkəzi Həbsxanasından sərbəst buraxılıb.

Hüquq müdafiəçiləri və HRA xəbər agentliyinin yaydığı məlumatına görə, Əli Şadi məhkəmə prosesinin sona çatmasına qədər 500 milyon tümənlik girov müqabilində Təbriz Mərkəzi Həbsxanasından müvəqqəti olaraq azad edilib.

Yanvarın 4-də o, Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək, dindirilmək üzrə Təbriz şəhər kəşfiyyat idarəsinin təcridxanasına köçürülmüşdü.

Güneyli fəal Əli Şadi təqribən bir ay Təbriz Kəşfiyyat İdarəsi və həmin şəhərin həbsxanasında nəzarət altında saxlanılıb. Tanınmış azərbaycanlı fəala yalnız bir dəfə kəşfiyyat idarəsinin təcridxanasında ailəsi ilə qısa telefon əlaqəsi saxlamağa icazə verilib. Milli fəal həmin qısa təmasda ailəsinə harada olduğu barədə məlumat verə bilib.

Əli Şadi Təbriz şəhərinin mərkəzi küçələrindən birində iş yerində bir ay öncə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib, lakin onun həbsinin səbəbi və ona qarşı irəli sürülən ittihamlar barədə hələ ki, məlumat verilməyib.