Azərbaycan Avropa Konvensiyasının ölüm cəzasının ləğvinə dair protokolunu imzalayacaq

İnsan hüquqlarının məhkəməsinin binası

Fevralın 3-də Azərbaycan Prezidenti İlham Əliyev “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın ölüm cəzasının bütün hallarda ləğvinə dair 13 saylı Protokolunu imzalamaq səlahiyyətinin verilməsi ilə bağlı sərəncam imzalayıb.

Sənədə görə, Azərbaycanın Avropa Şurasındakı nümayəndəsinə protokolu imzalamaq səlahiyyəti verilib.

Konvensiyanın 13 saylı Protokolu bütün hallarda ölüm cəzasının ləğvini nəzərdə tutur.

Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov AZƏRTAC dövlət agentliyinə bildirib ki, 2023-cü ildə Azərbaycanda ölüm cəzasının ləğv olunmasının 25-ci ildönümüdür.

“Azərbaycanda 1993-cü ildən ölüm cəzasının icrasına moratorium tətbiq olunub, əfv və amnistiya institutları bərpa edilib, insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində mühüm addımlar atılıb”.

Onun fikrincə humanizm, ədalət, azadlıq kimi yüksək ideallara əsaslanaraq irəli sürülən bu təşəbbüs sayəsində Azərbaycan Şərq aləmində ölüm cəzasını ləğv edən ilk ölkədir.

Hüquq müdafiəçisi Rüfət Səfərov Amerikanın Səsinə deyib ki, Azərbaycan Konstitusiyanın 27-ci maddəsinin III bəndində ölüm cəzası haqqında hələ də qeyd var.

Rüfət Səfərov-hüquq müdafiəçisi

“Müstəsna cəza tədbiri kimi ölüm cəzası, tam ləğv edilənədək, yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı xüsusilə ağır cinayətlərə görə qanunla müəyyən edilə bilər. 1998-ci ildə ölüm cəzası cinayət qanunvericiliyindən çıxarıldı, amma müharibə zamanı cinayətlərə görə və ya müharibə təhlükəsi olduğu halda tətbiq edilə bilərdi. Güman ki, bu, Qarabağ müharibəsi zamanı xüsusilə ağır cinayət törədən şəxslərin mühakimə edilməsi ilə bağlı idi. Moratorium burada qeyd olunun şəxslərin məsuliyyətə cəlb edilməsi üçün huquqi yol və imkan saxlayırdı”, o bildirib.

Hüquq müdafiəçisi hesab edir ki, dövründən, zamanından, şəraitindən, məkanından asılı olmayraq cəza növü kimi ölüm, ümumiyyətlə, nəzərdən keçirilməməli, cinayət qanunvericiliyində təsbit və tətbiq edilməməlidir.

“Normal hüquqi düşüncə, beynəlxalq humanitar hüquq sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət, ictimai təhlükəsizlik, ictimai qayda və dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə ən ağır halda ömürlük azadlıqdan məhrumetmə ilə kifayətlənməyi ehtiva edir”, o qeyd edib.