Azərbaycanda İranla casusluğa görə 39 nəfərin saxlanıldığı bildirilir

İranın Azərbaycandakı səfirliyi

Yerli mediada Daxili İşlər Nazirliyinin (DİN) Azərbaycanda "din pərdəsi" altında təxribat və pozuculuq əməllərini həyata keçirən 39 nəfəri saxladığı barədə məlumatlar dərc edilib. Saxlanılanlar arasında "SalamNews" informasiya agentliyi və "İnteraz" telekanalının rəhbərinin olduğu da qeyd edilir.

Azərbaycan Daxili İşlər Nazirliyi məlumatı Amerikanın Səsinə təsdiqləyib.

Məlumatda deyilir ki, özlərini dindar kimi qələmə verən həmin şəxslər sosial şəbəkələr üzərindən İran lehinə təbliğatlar apararaq ölkədəki dini etiqad azadlığından sui-istifadə edərək Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün İran xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetiriblər.

"Onlar insanlar arasında məzhəb ayrı-seçkiliyi salmaq, qarşıdurma yaratmaq məqsədilə Azərbaycan vətəndaşlarının qatıldıqları dini mərasimlərdə və sosial şəbəkələrdə İrana aid atributlardan, eləcə də üzərində fars dilində müxtəlif yazılar olan qara bayraqlardan istifadə etməklə cəmiyyətdə çaşqınlıq yaradaraq topladıqları məlumatları tapşırıq aldıqları xüsusi xidmət orqanlarına ötürüblər”, məlumatda deyilir.

Lakin məlumatda saxlanılan şəxslərə qarşı konkret olaraq hansı cinayət ittihamının irəli sürüldüyü göstərilməyib.

Saxlanılanlarla bağlı, o cümlədən İranın Azərbaycandakı səfirliyindən deyilənlərlə bağlı Amerikanın Səsinin şərh almaq cəhdi baş tutmayıb. Belə ki, saxlanılan şəxslərin yaxınları və vəkilləri hələ hər hansı şərh verməyib. İranın Azərbaycandakı səfirliyi isə telefon zənglərinə cavab vermir.

Xatırlatma

Yanvarın 27-də silahlı şəxs Azərbaycanın Tehrandakı səfirliyinin mühafizə postunu atəşə tutub. Hücum nəticəsində diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb. Tehran polisi şübhəli şəxsi həbs etdiyini bildirib.

İran rəsmiləri yanvarın 27-də baş verən hadisəni pisləyib və silahlı şəxsin siyasi deyil, şəxsi motivi olduğunu bildirib. Azərbaycan prezidenti İlham Əliyev silahlı hücumu terror aktı kimi qiymətləndirib.

Hadisə İran və Azərbaycan arasında münasibətlərdə son zamanlar gərginliyin artdığı vaxt baş verib. Hücumdan sonra İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyəti tamamilə dayandırılıb. Azərbaycanın Tehrandakı diplomatik missiyasının əməkdaşları və onların ailə üzvləri yanvarın 29-da xüsusi təyyarə reysi ilə Bakıya gətirilib.

Beynəlxalq ictimaiyyət Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qınayıb və İrana Cenevrə Konvensiyasına uyğun olaraq ölkədəki xarici diplomatların qorunmasına dair öhdəliyini xatırladıb.

Birləşmiş Ştatlar Azərbaycanın Tehrandakı səfiriyinə hücumu pisləyib və diplomatlara və diplomatik nümayəndəliklərə qarşı hər hansı hücumun qəbuledilməz olduğunu bildirib.