Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində zəlzələdən sonra evsiz qalan çox sayda ailənin qış soyuğunda müvəqqəti sığınacaqla təmin olunmadığı bildirilir. İran rəsmiləri isə zəlzələ bölgəsində çatışmazlıqlarda bir-birini günahlandırır.
İran xəbər agentlikləri və sosial şəbəkələrdə yayılan görüntürlərdə zəlzələ bölgələrində insanların küçələrdə od yandıraraq özlərini isindirməyə çalışdığı görünür. Zəlzələdən bir neçə gün keçməsinə rəğmən ailələr hələ də sıfır altında temperaturda müvəqqəti məskən, istilik cihazları və yemək sıxıntısı çəkirlər.
İran Qırmızı Aypara Cəmiyyətinin rəsmilərindən biri İSNA agentliyinə müsahibədə zəlzələ bölgəsində ən təcili ehtiyacın təhlükəsiz sığınacaq olduğunu bildirib.
SEE ALSO: İran Azərbaycanında Xoy zəlzələsində xəsarət alanlara yardım kampaniyaları təşkil olunur"Zəlzələ bölgəsində yer titrəyişləri davam edir. Bu səbəblə, tamamilə dağılmış binalardan əlavə zəlzələ nəticəsində zədələnən binalar da təhlükəsiz deyil" , Qızıl Aypara cəmiyyətindən Həmid Qəvidil deyib.
Qəvidil Qırmızı Aypara cəmiyyətinin evsiz qalanların hamısı üçün çadır təmin edə bilmədiyini qeyd edib.
İran prezidentinin birinci müavini Məhəmməd Müxbir isə Qırmızı Aypara Cəmiyyətini səhlənkarlıqda günahlandırır.
Mashregh News saytında yayımlanan bir videoda Məhəmməd Müxbirin Qırmızı Aypara Cəmiyyətinin başqanını səhv məlumat verməkdə günahlandırdığı görünür.
"Niyə məlumat göndərdiniz ki, zəlzələ bölgəsində vəziyyət yaxşıdır və hamıya diqqət yetirilib? İnsanlar soyuqda yatdıqlarını, söyləyir amma siz deyirsiniz ki, çadır vermişik. Biz də sizdən gələn məlumata güvənərək vəziyyətin yaxşı olduğunu düşündük. Zəlzələdən neçə gün keçir ancaq bəzilərinin nə çörəyi var, nə suyu, nə də çadırı. Bunları bizə desəydiniz də biz təmin etsəydik" , prezident Rəisinin birinci müavini Qırmızı Aypara cəmiyyətinin başqanına deyib.
SEE ALSO: İran Türkiyənin Xoy zəlzələsində zərər çəkənlərə yardım təklifini qəbul etməyibZəlzələ bölgəsindəki çatışmazlıqlara baxmayaraq, İran rəsmiləri zəlzələdən sonra Türkiyənin yardım təklifini rədd edib. Türkiyə Qızılay Cəmiyyətinin başqanı Kərəm Kınık öz səhifəsində yazıb ki, "zəlzələdən sonra dərhal yardım təklifimizi onlara çatdırdıq. Ancaq zəlzələnin öhdəsindən gələ biləcək qədər imkanları olduğunu ifadə edərək bizə təşəkkür etdilər".
Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində yanvarın 28-də gecə saatlarında baş verən 5.9 bal gücündə zəlzələ, İran agentliklərinə istinadən, ən azı 3 nəfərin ölümü, mindən artıq insanın yaralanması ilə nəticələnib. Zəlzələ bölgəsində 10 minlərlə insanın evsiz qaldığı bildirilir.