ABŞ-da yerləşən İnsan Haqları Fəalları xəbər agentliyinin yanvarın 29-da açıqladığı hesabatında İranda dörd aydan artıq müddətdir hökumət əleyhinə nümayişlər başlayandan bəri ən azı 527 nəfər həlak olub.
Qrupun məlumatına görə, onların arasında 71 azyaşlı və polis və digər təhlükəsizlik qüvvələrinin 70 üzvü olub. Ümumilikdə 20 minə yaxın insanın həbs edildiyi bildirilir.
Onlardan 100-dən çoxu ölüm cəzasına məhkum edilib. Artıq bir neçə nümayişçi edam edilib. İran hakimiyyəti hələlik ölənlərin və həbs olunanların ümumi sayı barədə məlumat verməyib.
Bu həftə Birləşmiş Ştatlar Avropa İttifaqı və Britaniyaya qoşularaq, etirazçılara qarşı təqiblərə cavab olaraq, bazar ertəsi İrana yeni sanksiyalar tətbiq edib.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays mətbuat konfransı zamanı bildirib ki, sanksiyaların məqsədi İran rejiminin “insan haqları ilə əlaqədar cavabdehliyini təşviq etmək məqsədi daşıyır.”
Avropa İttifaqının bazar ertəsi tətbiq etdiyi sanksiyalar onlarla rəsmi və təşkilatı hədəf alıb. Aİ sanksiyalar siyahısına İranın İdman və Gənclər naziri Həmid Səccadi, İranın Xüsusi Polis Qüvvələri, İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli zabitləri və çox sayda kibertəhlükəsizlik, casusluq proqramları və təhlükəsizlik avadanlıqları şirkətləri daxildir.
İranda 4 ayddan çoxdur davam edən etirazlar İranın əxlaq polisi tərəfindən hicab qaydalarını pozmaq iddiaları ilə həbs edilən 22 yaşlı Məhsa Əmininin polis nəzarətində ölümündən sonra başlayıb.
Qadınların və məktəbli qızların fəal iştirak etdiyi etiraz nümayışləri 1979-cu il inqilabından bəri İslam Respublikası hökuməti üçün ən ciddi sınaqlardan biri kimi qiymətləndirilir.