Yanvarın 27-də Bakı Apellyasiya Məhkəməsi insan haqları fəalı Bəxtiyar Hacıyevin həbs müddətinin uzadılması ilə bağlı şikayətə baxıb. Fəalın vəkillərinin məlumatına görə şikayət təmin olunmayıb, ilkin məhkəmə instansiyasının qərarı qüvvədə qalıb.
Vəkil Rövşanə Rəhimlinin sözlərinə görə Hacıyev 19 gündür aclıq aksiyasını davam etdirir və vəziyyəti ağırdır:
"Halsızdır, bir sözlə, yaxşı deyildi. Bu gün həkim müayinəsindən keçməyib, çox güman ki, bura gətirildiyinə görə. Dediyinə görə yenə də başgicəllənmələri, halsızlıq, daxili orqanlarından artıq sancılar hiss edir, əzələ ağrıları baş verir və getdikcə bu vəziyyət ona narahatlıq verir".
Vəkil Fəxrəddin Mehdiyev bildirib ki, bugünkü məhkəmədə Bəxtiyar Hacıyevin özü də çıxış edib.
"O verilən həm maddi, həm də prosessual hüquq pozuntularının açıqlamasını verdi və ittihamları darmadağın etdi", deyə vəkil bildirib.
"Müfafiə Xətti" İnsan Haqları Təşkilatının həmtəsisçisi Rüfət Səfərov Bəxtiyar Hacıyevi vicdan məhbusu adlandırıb:
"O, ali icra hakimiyyəti orqanının nifrətinin qurbanıdır, sanksiya qurbanıdır. Bəxtiyar Hacıyev 1 saylı Bakı İstintaq Təcridxanasında ona görə saxlanılır ki, repressiv hakimiyyətə qarşı ilk olaraq "Bandotdel"in (Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi) şöbə rəisi Kərim Əlimərdanov Maqnitski aktı çərçivəsində sanksiyaya düşdü. Bu işlərdə Bəxtiyar Hacıyevin sənədli və məqsədyönlü fəaliyyəti danılmazdır".
Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Yanvarın 13-də həbsdə olan insan haqları fəalı Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.
Yanvarın 21-də isə Xətai Rayon Məhkəməsinin qərarına əsasən, Bəxtiyar Hacıyevin həbs müddəti 28 fevral 2023-cü il tarixinədək uzadılıb.
Bəxtiyar Hacıyev yanvarın 9-da həbsinə etiraz olaraq aclıq aksiyasına başladığını bildirib və hazırda aclığı davam etdirir.
Yanvarın 9-da ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays ənənəvi brifinqdə Turan agentliyinin müxbirinin sualına cavabda ABŞ-ın Bəxtiyar Hacıyev və Tofiq Yaqublunun həbsindən dərin narahatlığını ifadə edib.
"Biz hakimiyyət orqanlarını onları tez bir zamanda azad etməyə çağırırıq," o qeyd edib.