AŞPA-da Azərbaycanda siyasi məhbuslar məsələsi ilə bağlı tədbir keçirilib

Your browser doesn’t support HTML5

Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası çərçivəsində "Azərbaycanda siyasi məhbuslar məsələsinin davamı: Ştrasserin hesabatının rədd edilməsindən 10 il sonra" başlıqlı paralel tədbir keçirilib. Tədbirdə 2013-cü ilin yanvarında AŞPA-da keçmiş məruzəçi Kristof Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı hesabatının rədd edilməsi, sonradan bu məsələ ilə bağlı ortaya çıxan korrupsiya faktları, Azərbaycanın AŞPA-nın çoxsaylı deputatlarını rüşvət və bahalı hədiyyələrlə ələ alması məsələsi müzakirə edilib.

Tədbirdə iştirak edən keçmiş məruzəçi Kristof Ştrasser hadisə ilə bağlı xatirələrini və təcrübələrini bölüşüb.

"Biz hamımız çalışmalıyıq ki, o cür hadisələr, açıq korrupsiya, Assambleya üzvlərinin səslərinin alınmasını ortaya çıxaraq və qarşısını alaq. Bu, demokratiya, demokratik inkişaf üçün təhlükədir. Ona görə də bu cür tədbirlər önəmlidir. Biz keçmişdəki hadisələrdən nə öyrənə bilərik, nəyi dəyişə bilərik, o cür korrupsiya halları bir daha təkrarlanmasın" , keçmiş məruzəçi Amerikanın Səsinə müsahibəsində bildirib.

2019-cu ildə AŞPA Azərbaycanda siyasi məhbus məsələsinə yenidən qayıdıb və 2020-ci ildə bununla bağlı qətnamə qəbul edib. Çıxış edənlər buna baxmayaraq, Azərbaycanda hələ də siyasi motivli həbslərin qalmasından narahatlıqlarını ifadə ediblər. AŞPA-nın Almaniyadan olan deputatı Frank Şvabe bildirib ki, insan hüquqları, qanunun aliliyi və demokratiya bu təşkilatın əsasını təşkil edir və siyasi məhbusların mövcud olduğu ölkənin bu qurumda yeri olmamalıdır.

"Bu, olduqca aydındır və biz bu barədə açıq danışmalıyıq. Biz görürük ki, Türkiyədə siyasi məhbuslar var, Rusiyada siyasi məhbuslar var, ancaq Rusiya artıq bu təşkilatın üzvü deyil. Həmçinin Azərbaycanda da siyasi məhbuslar var. Onlar hər zaman bu siyahıdadır. Biz bununla bağlı bir çox hesabatlar, tövsiyələr hazırlayırıq, amma reallıq odur ki, bu, o qədər də kömək etmir. Ancaq biz indi nə etdik? Təşkilatın özündə atmosferi, bu məsələyə münasibəti dəyişə bildik. Çünki Azərbaycan digər ölkələrdən olan deputatları rüşvətlə ələ alırdı. Son illərdə biz bunu dəyişə bildik. İndi bizim hesabatlarımız ölkədə vəziyyətin təəssüf ki, olduqca pis olmasını aydın şəkildə göstərir" , o qeyd edib.

"Kürü diplomatiyası" araşdırmasının müəllifi, Avropa Stabillik Təşəbbüsü beyin mərkəzinin rəhbəri Gerald Knaus deyib ki, siyasi məhbus məsələsi Azərbaycan Avropa Şurasına üzv olduğu ilk gündən bəri müzakirə edilir və məsələnin birdəfəlik həlli üçün təzyiqlər artırılmalıdır.

"Azərbaycan Avropanın bir hissəsidir və Avropa Şurasının üzvü olmalıdır. Ancaq o şərtlə ki, Avropa İnsan Hüquqları Konvensiyasında əks etdirilən hüquqlar qorunsun. Fundamental hüquqlardan biri də odur ki, insanlar siyasi baxışlarına görə həbs edilməməlidir. Mən ümid edirəm ki, təkcə Azərbaycan deyil, siyasi məhbusların mövcud olduğu bütün ölkələrə qarşı təzyiqlər artacaq. Təşkilatın məramı da elə budur" , o vurğulayıb.

Your browser doesn’t support HTML5

Gerald Knaus: Siyasi məhbus məsələsi Azərbaycan Avropa Şurasına üzv olduğu ilk gündən bəri müzakirə edilir

Məsələ ilə bağlı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətindən reaksiya almaq mümkün olmayıb. Azərbaycan hakimiyyəti bir qayda olaraq korrupsiya ittihamlarını rədd edir və qərəzli hesab edir. Azərbaycan AŞPA-da korrupsiya faktları ilə bağlı heç zaman istintaq işi açmayıb.

Xatırlatma

2013-cü ilin yanvarında AŞPA-da Azərbaycanda siyasi məhbuslar məsələsinə dair Kristof Ştrasserin hesabatı müzakirəyə çıxarılıb. Çoxsaylı AŞPA üzvü hesabatın əleyhinə səs verib və qətnamə layihəsi rədd edilib. Azərbaycanın insan haqları fəalları AŞPA-da ovaxtkı səsvermənin Azərbaycan hökumətinə vətəndaş cəmiyyətini qəddarlıqla dağıtmaq üçün yaşıl işıq yandırdığını deyirlər.

2016-cı ildə Milan məhkəməsində italiyalı deputat Luke Volontenin Azərbaycanlı həmkarından 2.3 milyon rüşvət almaqda ittiham edib. AŞPA 2017-ci ildə korrupsiya qalmaqalını araşdırmağa başlayıb. AŞPA-nın müstəqil araşdırma komissiyasının 2018-ci ildə təqdim etdiyi hesabatda Azərbaycanın AŞPA-nın çoxsaylı deputatlarını rüşvət və bahalı hədiyyələrlə ələ almasını ortaya çıxarıb. AŞPA-nın həmin hesabatında Avropanın müxtəlif ölkələrindən 29 deputatın adı çəkilir. Azərbaycanlı deputatlar Müslüm Məmmədov və Elxan Süleymanov vəsaitlərin ötürülməsinin təşkilatçısı kimi göstərilib və onlar ömürlük AŞPA-ya daxil olmaq hüququndan məhrum edilib.