Əli Kərimli: Məqsəd müxalifətə qarşı olan düşməncəsinə münasibəti nümayiş etdirməkdir

Your browser doesn’t support HTML5

Bu gün, Azərbaycanın hökumət və dövlət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, vətəndaşlar 1990-cı il 20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət ediblər.

Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endirilib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının ziyarəti zamanı Şəhidlər Xiyabanına giriş məhdudlaşdırılıb. Polis əməkdaşları səsucaldıcılar vasitəsilə ərazidə dezinfeksiya işləri aparıldığını bildirib. 2 saat sonra ziyarət bərpa edilib.

Partiya üzvləri etiraz olaraq "Yolu açın", "Şəhidlər ölməz, vətən bölünməz", "Rus ordusu Azərbaycandan çıxarılsın" kimi şüarlar səsləndiriblər.

AXCP sədri Əli Kərimli yaradılan süni əngəllərdən narazılığını bildirib. O hesab edir ki, sıxlıq polis tərəfindən sırf insanlara narahatlıq yaratmaq, həm də onları gözləməkdən bezdirmək üçün yaradılır:

"Burada iki məsələ üst-üstə düşür hökumətin mənafeyi baxımından. Bir tərəfdən bizə qarşı xüsusi maneə yaradırlar. Bunu artıq Azərbaycan ictimaiyyəti bilir ki, biz saat neçədə gəlsək o zaman burada problem yaranır. Bildilər ki, üçdə gəlirik, 14:30-dan yolları bağlayıblar. İki saatdır bu soyuqda adamları saxlayıblar. Bəs bu soyuq havada yüngel geyinəni var, yaşlısı, qadını,uşaqlar və xəstələr var. Bu adamları saatlarla burada saxlamaq nə deməkdir? Bu adamların qeydinə qalmaq deməkdir? Əlbəttə ki, burada bir məqsəd müxalifətə qarşı olan düşməncəsinə münasibəti nümayiş etdirməkdir ki, müxalifət toplanmasın, böyük bir komanda ilə gəlməsinlər bura. İkinci məqsəd isə müttəfiqləri Putinə xoş gəlməkdir ki, 20 Yanvarı unutdururuq tədricən".

33 il əvvəl, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin göstərişi ilə Bakıya 35 minlik ordu yeridilib. Ordu qüvvələri dinc əhaliyə atəş açıb. 147 nəfər həlak olub, 800-dən çox mülki sakin yaralanıb.

İndiyədək keçmiş SSRİ və Azərbaycan SSR-nin rəhbərlərindən heç kim yanvar hadisələrinə görə məsuliyyətə cəlb olunmayıb.