Ukrayna bildirir ki, qoşunları işğalçı rus qüvvələri tərəfindən artan təzyiqlə üzləşdiyi bir vaxt, Qərb müttəfiqləri silahların çatdırılmasını sürətləndirməlidir. Son günlərdə Rusiyanın atdığı raketlər onlarla mülki vətəndaşın ölümünə səbəb olub. Bu həftə ABŞ-da müttəfiqlərin mühüm görüşü keçiriləcək və Britaniyanın Kyivi tanklarla təmin edəcəyinə dair açıqlaması başqalarını da bunu etməyə sövq edə bilər.
Challenger 2 Britaniyanın əsas döyüş tankıdır. Onlardan 14 ədədi, o cümlədən özüyeriyən artilleriya, zirehli maşınlar, raketlər və dronlar daxil olmaqla başqa ağır silahlar Ukraynaya göndəriləcək.
“Bugünükü paket Putinin işğalına və bütün vəhşiliklərinə son qoymağı sürətlərdirəcək və Ukraynanın, lazım gəlsə, 2023-də və daha sonra momentumunu qoruyub-saxlamasını təmin edəcək,” Britaniyanın müdafiə naziri Ben Vallas bildirib.
Bu momentum digər müttəfiqlərin də dəstəklərini artırmalarından asılıdır. Almaniya Ukraynaya Leopard 2 tanklarından göndərmək və başqa ölkələrin onlarda olan Almaniya istehsalı Leopardlar göndərmələrinə icazə verməsi üçün təzyiqlə üzləşir.
“Ukraynanın baharda uğurlu hücum əməliyyatı aparması üçün yüzlərlə yüngül və döyüş tanklarına ehtiyacı var. Ona görə də, belə görünür ki, Britaniyanın təklifi daha çox siyasi siqnaldır ki, tanklarla bağlı qırmızı xətt artıq qaldırılıb,” Xarici Əlaqələr Şurasından Liana Fiks bildirir.
Polşa və Finlandiya Ukraynaya Leopard tankları göndərmək istəyirlər. Polşanın baş naziri çərşənbə axşamı belə bir xəbərdarlıqla çıxış edib:
“Ukraynanın məğlubiyyəti Üçüncü dünya müharibəsinin başlanğıcına çevrilə bilər. Ona görə də , bu gün Kyivə dəstəyin qarşısını almaq, ləngitmək üçün heç bir səbəb yoxdur. Beləliklə mən Almaniya hökumətini Ukraynaya çatdırılmalı olan hər cür silahlarla bağlı qətiyyətli tədbir görməyə çağırıram,” Mateuş Moravetski deyib.
Almaniya Ukraynanı zirehli transportyorlar, Patriot zenit-raket kompleksi, haubitsalar, təyyarə əleyhinə silahlar və idarə olunan zenit raketləri ilə təmin edir.
Ancaq Almaniyanın hakim koalisiyası daxilində fikir ayrılıqları mövcuddur. Kansler Olaf Şotls çərşənbə axşamı yeni müdafiə naziri təyin edib. Onun sələfi bu həftənin əvvəlində istefa edib. Hər hansı siyasət dəyişikliyinin olduğu təsdiq olunmayıb.
“Bu həmişə addım-addım olur, qərarların verilməsi uzun vaxt alır. Və Almaniya üzərinə liderlik rolu almayıb və yalnız Birləşmiş Ştatlarla parallel olaraq addım atır. Bu da Almaniyanın Rusiya ilə gərginliyin eskalasiya olmasından narahatlığını əks etdirir,” Liana Fiks deyir.
ABŞ-ın müdafiə naziri Lloyd Austinin cümə günü Almaniyada Ramşteyn Hava Bazasında müttəfiqlərin Ukrayna Müdafiə Əlaqə Qrupunun görüşünə ev sahibliyi edəcək ki, orada Ukraynaya gələcək hərbi yardımın koordinasiya ediləcəyi gözlənilir.
“Bu həmçinin Qərbin dondurulmuş münaqişə, dondurulmuş müharibə, ilkin atəşkəslə kifayətlənmədiyini və əvəzində Qərb ittifaqının Ukraynanın əlavə böyük irəliləyişlər əldə etməsinin zəruri olduğununa inandığını göstərir,” Liana Fiks deyir.
Bu arada isə Rusiya Britaniyanın Ukraynanı tankla təchiz etməsinə məhəl qoymayıb və “xüsusi hərbi əməliyyat” adlandırdığı işğalın məqsədinə nail olacağınıdeyib.