"Dövlət Katibi Antoni Blinkenin Ermənistan lideri ilə danışmaq imkanı oldu. Ümid edirəm ki, onun yaxın günlərdə Azərbaycan Prezidenti İlham Əliyevlə də danışmaq imkanı olacaq".
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays yanvarın 18-də keçirilən ənənəvi brifinqdə Turan agentliyinin müxbirinin sualına cavabda bildirib.
O, həmçinin ABŞ-ın Ermənistanla Azərbaycan arasında konstruktiv dialoqun bərpa olunmasını istədiyini bildirib.
"Ötən ilin sonunda dövlət katibi Blinkenin iştirakı ilə Ermənistan və Azərbaycan arasında görüş keçirildi. Biz bunu Nyu Yorkda Blair House-da etdik. Təbii ki, biz son vaxtlar Qarabağla bağlı geriləmə - uğursuzluqlar gördük. Biz konstruktiv dialoqun bərpa olunduğunu görmək istəyirik. Biz əməkdaşlıq etməyə hazırıq”.
Ned Prays əlavə edib ki, ABŞ keçmişdə olduğu kimi ATƏT vasitəsilə və ya lazım gəldikdə, üçtərəfli qaydada tərəfdaşlarla və beynəlxalq tərəfdaşlar vasitəsilə işləməyə hazırdır.
"Biz doğru zamanda ən təsirli olanı edəcəyik" , Prays bildirib.
Onun sözlərinə görə, Qafqaz danışıqları üzrə xüsusi nümayəndə, səfir Filip Riker 30 illik karyerasından sonra Dövlət Departamentindən təqaüdə çıxsa da, bu prosesdə iştirak edəcək digər şəxslər var.
"Dövlət Departamentində bu prosesdə dərindən iştirak edən bir sıra şəxslər var, onlardan biri dövlət katibi Blinkenin özüdür. Bu, onun şəxsi prioritetidir. Amma Viktoriya Nuland, Karen Donfrid kimi bizim Avropa və Avrasiya məsələləri üzrə büromuzun bir sıra yüksək vəzifəli məmurları bununla dərindən məşğul olacaqlar".
Ned Prays bildirib ki, Azərbaycan və Ermənistan arasında görüşlərin hansı səviyyədə keçirilməsinə tərəflər özləri qərar verir.
ABŞ Dövlət katibi Antoni Blinken yanvarın 18-da Ermənistan baş naziri Nikol Paşinyanla telefonla danışıb. Dövlət Departamentinin sözçüsü Ned Praysın yaydığı bəyanatda deyilir ki, katib Blinken Nikol Paşinyanın sülhə sadiqliyini alqışlayıb və tərəflər Azərbaycanla ikitərəfli danışıqların bərpası üçün atılmalı olan addımları müzakirə edib.
"Dövlət katibi Laçın dəhlizinin blokadası səbəbilə Dağlıq Qarabağda pisləşən humanitar vəziyyətlə bağlı dərin narahatlığını ifadə edib" , bəyanatda deyilir.
Dövlət katibi, həmçinin ABŞ-ın davamlı sülhə aparan səylərə və ABŞ-la Ermənistan arasında güclü çoxşaxəli ikitərəfli əlaqələrə dəstək vermək öhdəliyini təsdiqləyib.
2022-ci il dekabrın 12-dən başlayaraq Azərbaycan qeyri-hökumət təşkilatlarının nümayəndələri Şuşa şəhərinin ətrafında Rusiya sülhməramlılarının postu qarşısında davamlı etiraz aksiyası keçirir.
Azərbaycanlı mütəxəssislərin Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edən aksiya iştirakçıları Rusiya sülhməramlı kontingentinin komandiri Andrey Volkovun əraziyə gəlməsini tələb edir.
Ermənistan Baş Naziri Nikol Paşinyan Laçın dəhlizinin bağlanmasının 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatın "kobud pozuntusu" olduğunu bildirib. Onun sözlərinə görə, həmin bəyanatın 6-cı maddəsinə əsasən dəhliz Rusiya Federasiyası sülhməramlılarının nəzarətindədir və Azərbaycan vətəndaşların, nəqliyyatın və əmtəənin hərəkətinə təminat verməlidir.
Azərbaycan tərəfi yolun bağlanmadığını və yerli sakinlər üçün həyat əhəmiyyətli nəqliyyatın gediş-gəlişinin təmin olunduğunu bildirir.
Dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərə gəlsə də, monitorinqə imkan verilməyib.