"Dövlət bunu "Tərtər işi" adlandırır, amma hər kəsə məlumdur ki, bu, Tərtər faciəsi, Tərtər qətliamıdır"

"Tərtər işi" üzrə həbs olunanların qohumları, eləcə də həmin iş üzrə zərərçəkmişlər prokurorluğun qarşısında etiraz aksiyası zamanı (24 may, 2022-ci il)

Yanvarın 18-də "Tərtər işi" kimi tanınan cinayət işi üzrə zərərçəkənlər və bəraət alanlar Azərbaycan Demokrat Partiyasının qərargahında mətbuat konfransı keçiriblər.

Konfransda bu iş üzrə işgəncə nəticəsində öldürüldüyü bildirilən şəxslərin yaxınları övladlarına şəhidlik statusunun verilməsini tələb edib.

İşgəncə nəticəsində öldürüldüyü bildirilən Elçin Mirzəliyevin anası Mirzəliyeva Şamama: "Oğlumu işgəncə ilə öldürüblər. Mən balamın qanını istəyirəm. Onu öldürənlər cəzasını çəksin. Övladıma şəhidlik statusunun verilməsini istəyirəm. Biz də Azərbaycanlıyıq, biz də anayıq, hüquqlarımızı istəyirik".

İşgəncə nəticəsində öldürüldüyü bildirilən başqa bir hərbçi, Ağazadənin Elxan anası: "Tələb edirəm ki, mənim oğlumun şəhidlik statusu verilsin. Bir də, o qatillər həbs olunsun. Oğlumun şəhidlik statusunu tələb edirəm".

Tədbirdə ötən ilin dekabrın 6-da bəraət alanlardan Müşfiq Əhmədli də iştirak edib. O həmin dövrdə gördüyü işgəncələrdən, qanunsuzluqların danışıb.

Your browser doesn’t support HTML5

"Dövlət bunu "Tərtər işi" adlandırır, amma hər kəsə məlumdur ki, bu, Tərtər faciəsi, Tərtər qətliamıdır"

"İstintaq qrupuna hadisə haqqında bütün məlumatları vermişəm. Onlar bu barədə araşdırmalar aparırlar. Mən əminəm ki, bu işi təşkil edən əsas fiqurlar istintaq qrupu tərəfindən təyin edilib həbs olunacaqlar. Tələb və xahişim budur ki, işim icraçıları yox, işi icra etdirənlər həbs olunsun".

Validə Əhmədovanın oğlu Elçin Quliyev "Tərtər işi" üzrə işgəncə nəticəsində öldürüldüyü bildirilən hərbiçilərdən biridir.

O, bəraət alan digər şəxslərin tədbirə qatılmamasının səbəbini açıqlayıb. Onun sözlərinə görə, bəraət alanlar rayon icra hakimiyyətlərinə, Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) dəvət ediliblər və onlara bir yerə toplaşmamaları, həmçinin, mediaya danışmamaları barədə xəbərdarlıq edilib.

Validə Əhmədova çıxışı zamanı istintaqın gedişatından narazılığını da bildirib:

"İstintaqın gedişatından heç vaxt razı olmamışıq. Çünki çox ləng gedir. Aparılmasından narazılığımız yoxdur. Qatillər ortalıqda, cinayəti törədənlər ortalıqda, amma heç bir cinayətkar tutulmayıb. 16 nəfərə yaxın saxlanılan var, onlar isə ciddi fiqurlar deyil. Mənim oğlumun müstəntiqi olan şəxsin vəzifəsi qalxıb. Bu istintaqın nəyinə inana bilərik?"

2016-cı ilin aprel ayında baş verən döyüşlərdən sonra Azərbaycanda bir qrup hərbçi Ermənistanın xeyrinə casusluq ittihamı ilə istintaqa cəlb olunub.

Hüquq müdafiəçilərinin məlumatına görə, bu proses zamanı 100-dən çox əsgər və zabit işgəncəyə məruz qalıb, 25 hərbçi uzunmüddətli azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, ən azı 9 nəfər işgəncələr nəticəsində həyatını itirib.

Sonradan müttəhimlərin bir hissəsinə bəraət verilib, işgəncələrdə təqsirli olanlar isə həbs edilib. Qanunsuz olaraq mühakimə edilənlərə bəraət verilməsi prosesi davam edir. Məhkəmələr ötən il oktyabrın 5-də 16 nəfərə, dekabrın 6-da isə 19 nəfərə bəraət verib.