İnsan haqları fəalı Bəxtiyar Hacıyevin mədə-bağırsağında qanaxma olduğu bildirilir

İinsan haqları fəalı Bəxtiyar Hacıyev

Yanvarın 17-də Xətai Rayon Məhkəməsində insan haqları fəalı Bəxtiyar Hacıyev barəsində girov qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.

Bu barədə Amerikanın Səsinə vəkil Rövşanə Rəhimli məlumat verib.

Vəkilin sözlərinə görə, Bəxtiyar Hacıyevin özü də məhkəmə prosesində iştirak edib. Vəkil bildirib ki, 9 gündür aclıq aksiyası keçirən fəalın səhhətində ciddi problemlər yaranıb:

“Mədə-bağırsağında qanaxma baş verib. O bununla bağlı həkimə müraciət və ondan analiz götürülüb. Bəxtiyar bildirdi ki, ağrıları olur, amma qida qəbul etmədiyinə görə ağrıkəsici dərman qəbul edə bilmir. Halsızdır və çəki itirir”.

Rövşanə Rəhimli bildirib ki, Bəxtiyar Hacıyev ictimaiyyətin diqqətinin onun qanunsuz həbsinə yönəlməsini xahiş edib.

“Bəxtiyar Hacıyev onun məsələsinə biganə yanaşıldığını deyib. Həmçinin, Ombudsman Aparatının iki nümayəndəsi dünən onunla görüşdə olub. Bəxtiyar onlara da ona qarşı olan qanunsuz hərəkətlərlə bağlı məlumat verib. O qeyd edib ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva ilə görüş tələb edib”, deyə vəkil bildirib.

Vəkilin sözlərinə görə Xətai Rayon Məhkəməsi Bəxtiyar Hacıyevin vəsatətini təmin etməyib və həbs qətimkan tədbiri qüvvədə qalıb. Rövşanə Rəhimli qərardan apellyasiya şikayəti veriləcəyini deyib.

Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və hazırda aclığı davam etdirir.