Yanvarın 16-sı minlərlə iranlı Fransanın Strasburq şəhərində İrandakı etirazlara dəstək yürüşü keçirib. Avropanın müxtəlif ölkələrindən gələn İran diaspor üzvləri Avropa Parlamenti qarşısına toplaşaraq, İranın İslam İnqilab Keşikçiləri Korpusunu Avropa İttifaqının terror təşkilatları siyahısına salınmasını tələb ediblər.
Paytaxt Parisdən yürüşə qatılmaq üçün gələn Arya İran xalqının səsinin eşitdirilməsi üçün burada olduğunu bildirib.
“Fransada olduğumuz üçün bizim danışmaq, fikrimizi ifadə etmək imkanımız var. Bizim üçün vacibdir ki, İranda əzilən xalqın səsi olaq. Avropa İttifaqının İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatları siyahısına salmasını istəyirik. Bu, bizə kömək olar. Ancaq hazırda İranda baş verənləri, rejimin törətdiyi cinayətləri nəzərə alsaq, bu atıla biləcək ən xırda addımlardan biridir”.
Your browser doesn’t support HTML5
Yürüşün Strasburqdakı təşkilatçılarından olan Setare deyib ki, Avropa Parlamentinin verəcəyi qərar İran xalqı üçün vacibdir.
“İslam İnqilabı Keşikçiləri Korpusu ölkəmizi tamamilə öz müstəmləkəsinə çevirib. Məktəblərdən tutmuş restoranlara kimi onların nəzarətindədir. Böyük şirkətlər, maliyyə mənbələri onların əlindədir. Biz ən azından onların gücünü məhdudlaşdıra, İran xalqına özünü xilas etməkdə, öz müqəddəratını təyin etməkdə kömək edə bilərik”.
Setarenin sözlərinə görə, nəinki Avropanın dörd bir tərəfindən, hətta Kanadadan da yürüşə qatılmaq üçün gələnlər var. Şəxsən gələ bilməyən bəzi tanışları ətraf ölkələrdə təhsil alan, yürüşə qatılmaq istəyən tələbələrin səfər xərclərini qarşılayıblar.
Fransada doğulan, əslən iranlı Omid də öz dəstəyini sərgiləmək üçün burada olduğunu bildirib.
“Avropa Parlamenti İslam İnqilabı Keşikçiləri Korpusunun terror təşkilatları siyahısına salınması üçün səsvermə keçirəcək. Biz də gəlmişik ki, bütün Avropa ölkələrini bu qətnaməyə səs verməyə çağıraq, İnqilab Keşiçiləri Korpusunun terror təşkilatları siyahısına salınmasının, rejimə qarşı mümkün bütün sanksiyaların qoyulmasının vacibliyini çatdıraq”.
Avropa Parlamentinin bu həftə sessiyasında İrandakı etirazları müzakirə edəcəyi və qətnamə layihəsini səsverməyə qoyacağı gözlənilir. Qətnamə layihəsi İslam İnqilabı Keşiçiləri Korpusunun terror təşkilatı kimi tanınmasına, rejimin öz vətəndaşlarını öldürməsi və digər kobud insan hüquqları pozuntularına görə məsuliyyətə cəlb edilməsinə və İranın mühacirətdəki vətəndaş cəmiyyətinə dəstək göstərilməsinə çağırır.
İranda 4 aydır davam edən ümummilli etirazlar İslam Respublikasının əxlaq polisi tərəfindən həbs edilən 22 yaşlı Məhsa Əmininin polis nəzarətində ölməsindən sonra başlayıb. Bugünədək 500-dən çox etirazçı həyatını itirib, 20 minə yaxın insan həbs edilib. İran həbs edilən etirazçıların bəzilərinə ölüm hökmü qərarı çıxarıb, azı 4 nəfərin ölüm hökmü icra edilib.