Almaniyadan deportasiya ediləndən sonra Azərbaycanda həbs edilən AXCP üzvü Cəfər Mirzəyev 6 il müddətinə azadlıqdan məhrum edilib

Your browser doesn’t support HTML5

Yanvarın 16- da Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Cəfər Mirzəyevə hökm oxunub.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə readmissiya qaydasında Almaniyadan Bakıya deportasiya olunandan az sonra həbs edilən Cəfər Mirzəyev 6 il müddətinə azadlıqdan məhrum edilib.

Vəkil Nemət Kərimli bildirib ki, Bakı Ağır cinayətlər məhkəməsinin hökmündən apelyasiya şikayəti verəcəklər:

“Məhkəmə dəlillərinə gəldikdə isə, disk natamam idi. Bir hissəsi yox idi, montaj edilmişdi. Hesab edirik ki, həmin hissədə o deyə bilərdi ki, narkotik mənim cibimə qoyulub. Heç bir halda, bu, mötəbər sübut hesab oluna bilməz. Çünki disk özü yarımçıq idi. Videoda açıq-aşkar görünür ki, gözünün altında qaraltı var. İlkin ifadəsini işgəncə altında verdiyini bildirmişdi, ancaq bir nəticəsi olmadı. Əməliyyat axtarış tədbirləri qanunauyğun şəkildə keçirilməmişdi. Bütün bunlara baxmayaraq, həmişə olduğu kimi, Azərbaycanda ədalət mühakiməsinin qaydası belədir ki, ittiham tərəfinin verdiyi qərarı təsdiq etdi hakim. Bu qərar birmənalı şəkildə siyasidir”.

Məhkəmə iclasında Cəfər Mirzəyev son söz ilə çıxış edib. O, istintaq dövründə ona edilən işgəncələr barəsində danışıb. AXCP üzvü ittihamın onun siyasi fəaliyyəti ilə bağlı olduğunu deyib.

Prosesdə iştirak edən hüquq müdafiəçisi Zəfər Əhmədov hökmün siyasi sifariş olduğunu bildirib:

“Narkotik satışı ilə bağlı maddədə sübutlar mədən ibarətdir? Burada satan, alan, şahidlər, elektron tərəzi və s. olmalıdır. Bunların heç birinə əməl olunmayıb. Son sözündə Cəfər Mirzəyev özü də bildirdi ki, onun faktiki saxlanıldıöı yerdə müşahidə kameraları var. Kameralara baxılmayıb. Əgər həmin kameraların göstəriciləri götürülsəydi, çox asanlıqla sübut etmək olardı ki, onu iddia edilən yerdə yox başqa bir yerdə saxlayıblar”.

Cəfər Mirzəyev Almaniyadan qayıtdıqdan sonra 2021-ci ilin payızında narkotik maddə alveri ittihamı ilə həbs edilən 6 fəaldan biridir.