Yanvarın 15-də həkim Adil Qeybulla və qızı Nigar Həzi hazırda Əjdər Məlikov adına 6 saylı xəstəxanada olan Tofiq Yaqubluyla görüşüblər. Lakin siyasətçiyə vəkili Nemət Kərimli ilə görüşə icazə verilməyib.
Qızı ilə görüş tələb edən və buna görə quru aclığa başlayan Tofiq Yaqublu su qəbuluna başlayıb, lakin aclığı dayandırmayıb.
Tofiq Yaqublu yanvarın 5-dən saxlanma şəraitinə etiraz olaraq aclıq aksiyasına başlayıb. Siyasətçinin məntəqədəki qidaların keyfiyyətsizliyinə və sovqatların qəbul edilməməsinə etiraz olaraq aclığa başladığı bildirilir. İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsində həbsdə olan Tofiq Yaqublu həkim Adil Qeybullanın məsləhəti ilə yanvarın 11-də xəstəxanaya köçürülüb.
Your browser doesn’t support HTML5
Nigar Həzinin məlumatına görə, bir neçə cəhddən sonra, nəhayət ki, o atası ilə görüşə bilib:
“Həkim bizə deyirdi ki, aclığın bu qədər uzanması, xüsusiylə atamın quru aclığa keçməsi Tofiq Yaqublunun səhhətində çox ciddi problemə gətirib çıxaracaq. Elə fəsadlar ola bilər ki, azadlığa çıxanda belə biz onu bərpa edə bilmərik. Nəhayət ki, atamı gördüm, düzdür, əvvəlki kimi görmədim, çünki çox arıqlayıb, çox zəifləyib. Bənizi solub, saralıb, amma məni gördü və çox sevindi”.
Qızı düşünür ki, atası ilə görüşməsi ona mənəvi güc verir.
“Atam deyir ki, hər qapı açılanda və qadın səsi gələndə elə bilirdim sən gəlirsən, həsrətlə mənim gəlməyimi gözləyirmiş. Artıq yeriyəndə rahat yeriyə bilmir, ayaq üstə güclə durur, yeriyəndə bir az səndələyir. Mən çox narahat oluram ki, o bir an yıxıla bilər. Saxlanma məntəqəsindən bura köçürüləndən bəri yuyuna bilmirdi, düzdür, burada da elə bir imkanlar yoxdur, amma dar imkanlar çərçivəsində onun gigiyenik tələbatlarını ödədik”, deyə Nigar Həzi bildirib.
Nigar Həzi deyir ki, Tofiq Yaqublu ona dəstək olan hər kəsə təşəkkürlərini bildirib.
Həkim Adil Qeybulla Tofiq Yaqublunu müayinə etdikdən sonra açıqlayıb ki, su rejiminin pozulması onun səhhətində müəyyən izlər buraxıb:
“Bununla yanaşı hemodinamik göstəriciləri stabildir, saturasiyasını və təzyiqini yoxladıq. Onlar isə normaldır. Təzyiqi 120/80-dır, saturasiyası 98, nəbzi 95-dir. Su rejimi bərpa olundu, yəni su içməyə başladı. Hesab edirəm ki, Tofiq bəy dözümlü adamdır və bu prosesi başa vuracaq, amma arzu edərdik ki, bu tezliklə başa çatsın, aclığı dayandırsın və o öz azadlığına qovuşsun”.
Tofiq Yaqublunun həyat yoldaşı Maya Yaqublu isə yanvarın 7-dən ona dəstək olaraq, başladığı aclıq aksiyasını davam etdirir. Yanvarın 10-da axşam saatlarında onun vəziyyəti pisləşib, təcili tibbi yardım çağrılıb. Buna baxmayaraq, Maya Yaqublu aclığı dayandırmayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri ilə iş və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, məntəqədəki yeməklərin keyfiyyəti ilə bağlı iddialar "şəxsi mülahizə"dir və saxlanılan şəxslərin qida təminatı qanunla müəyyənləşdirilmiş hüquqi normativə əsaslanır.
Tofiq Yaqublu dekabrın 23-də insan haqları fəalı Bəxtiyar Hacıyevin həbsinə etiraz olaraq keçirilmiş aksiyada saxlanılıb və Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası alıb. Tofiq Yaqublu məhkəmədə çıxışında həbs qərarını siyasi sifariş kimi qiymətləndirib. Yaqublu "Bəxtiyar Hacıyevə azadlıq" tələbi ilə keçirilən aksiyadan sonra həbs olunan yeganə şəxsdir.