Ukraynanın cənub-şərqində yerləşən Dnipro şəhərəndə Rusiya qüvvələrinin atdığı raketin doqquz mərtəbəli binanın bir hissəsini dağıtması nəticəsində azı 25 nəfər həlak olub və 73 nəfər xəsarət alıb. Bu barədə regionun qubernatoru Valentin Rezniçenko bildirib.
Lviv, İvano-Frankivsk, Odesa, o cümlədən Kyiv və Xarkiv şəhərlərinə atılan raketlər nəticəsində yerli infrastruktur zədələnib.
“Dağıntıların təmizlənməsi hələ də davam edir. Hələ aydın deyil ki, dağıntılar altında nə qədər insan qalıb. Təəssüf ki, həlak olanların sayı hər saat artır” – deyə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
Yerli rəsmilərin məlumatına görə, Ukrayna hava müdafiəsi Mikolaiv, Odesa, Kyiv, Xmelnitski, Vinnitsia və İvana-Frankivks şəhərlərində Rusiya raketlərini zərərsizləşdirməyə müvəffəq olub. Ukraynanın yüksək vəzifəli hərbi rəsmisi Rusiyanın 33 qanadlı raketindən 21-nin vurulduğunu bildirib.
Raket hücumu Xarkiv və Lviv şəhərləri daxil olmaqla, bir neçə regionda elekrik enerjisinin təchizatında fasilələrə səbəb olub.