"Aqrar İslahatlara Dəstək" İctimai Birliyinin rəhbəri Vahid Məhərrəmli Amerikanın Səsinə müsahibəsində Azərbaycanda son zamanlar müşahidə olunan ərzaq məhsullarının idxalının artmasının səbəblərindən danışıb.
Your browser doesn’t support HTML5
Amerikanın Səsi: Azərbaycanda ərzaq məhsullarının idxalının artmasının səbəbləri nədir? Həmin məhsullara təlabat artıb, yoxsa ölkədə istehsalı azalıb?
Vahid Məhərrəmli: Ümumiyyətlə son zamanlar ölkəyə gətirilən malın, məhsulun həm həcmi artıb, həm də dəyər ifadəsində artım baş verib. Hətta təsəvvür edin, 2015-ci ildən bu günə kimi əgər, 2022-ci ilin 11 ayı ilə müqayisə etsək ölkəyə gətirilən malın, məhsulun dəyəri iki dəfədən çox artıb. Bu nə ilə bağlıdır? Bilirsiniz, ölkədə son bir neçə ildə görürük ki, bütün ərzaq məhsullarının qiymətində artım var. Digər tərəfdən yalnız ərzaq məhsulları deyil, kommunal xidmətlərdə də qiymət artımını görürük. Digər məhsulların qiyməti də artıb. Alıcılıq qabiliyyəti aşağı düşüb. Bunu nəzərə almaq lazımdır. Belə olan halda əgər ölkəyə yeyinti məhsullarının idxalı artırsa fiziki çəkidə və yaxud dəyər ifadəsində bu o deməkdir ki, ölkədə məhsulların istehsalı kifayət qədər deyil. Həmin məhsulun istehsalı kifayət qədər olmadığı üçün həmin məhsullar digər ölkələrdən Azərbaycana idxal olunur. Bu, həqiqətən belədir. Ona görə ki, həmin məhsullara təlabat olmasa, o məhsulları idxal edən olmaz. Ölkə daxilində həmin məhsullardan kifayət qədər istehsal olunarsa, o məhsulları, yenə deyirəm, ölkəyə gətirməyə ehtiyac yaranmaz. Əsas səbəb budur. İkinci bir səbəb isə odur ki, Azərbaycan ölkə əhalisinin tələbatı qədər yetərincə mal, məhsul istehsal edə bilmir. Biz dəfələrlə demişik ki, hökumət normaları müəyyən etməlidir. Yəni Azərbaycanda adambaşına nə qədər ət, süd, çörək və digər yeyinti məhsulları istehsal olunur. Bunun norması olmalıdır. Azərbaycanda minumum istehlak səbəti var və həmin səbətə yerləşdirilmiş mal, məhsul var. Orada da minimum hədd müəyyən edilib. Azərbaycanda ərzaq norması müəyyən edilmədiyi üçün hökumətin bu sahədə hər hansı bir planı yoxdur.
Amerikanın Səsi: Ərzaq məhsullarının idxal strukturunda hansı dəyişikliklər olub? Hansı məhsulların idxalı daha çox artıb?
Vahid Məhərrəmli: Biz 2022-ci ilin 11 ayının idxal sturukturuna baxanda görürük ki, daha çox artan taxıl və taxıldan əldə olunan məhsullardır. Təssəvvür edin ki, ölkəyə 11 ay ərzində 600 milyon dollar dəyərindən çox taxıl və taxıl məhsulları idxal edilib. Yəni, bu, həddindən artıq çoxdur. Baxmayaraq ki, ölkədə bir milyon hektardan çox ərazi, bu da ölkənin mövcud olan əkinəyararlı ərazinin 60-70 faizidir. Bu qədər ərazidə taxıl əkini həyata keçirildiyi halda biz özümüzün taxıl məhsullarına olan tələbatımızı əsasən idxalın hesabına ödəyirik. Ona görə də ərzağın strukturunda əsas pay taxıl və taxıl məhsulları sayılır.
Amerikanın Səsi: Ərzaq sənayesi sahəsində hökumətin islahat proqramı varmı? Ərzaq sənayesində məhsuldarlığı artırmaq üçün hansı zəruri tədbirlərə ehtiyac var?
Vahid Məhərrəmli: Bu məsələyə kompleks yanaşmaq lazımdır. Birincisi biz çalışmalıyıq ki, xammal istehsalını qaydasına qoyaq. Əgər biz kifayət qədər buğda istehsal edə bilməyəcəyiksə, bizim ərzaq sənayemiz idxaldan aslı olacaq. Biz buğdanı digər ölkələrdən idxal etməyə məcbur olacağıq. Burada hər hansı bir iş planlaşdırmaq da düzgün olmazdı. Gərək ilk növbədə hökumət istehsalı təşkil etsin. Xammal istehsalını, yalnız buğda deyil, ət, süd istehsalını artırsın. İstehsalda problem nədədir? İstehsalda problem məhsuldarlığın artırılmasındadır. Bizdə hələ ki, digər ölkələrlə müqayisəedilməz dərəcədə məhsuldarlıq aşağıdır. Məhsuldarlıq artırılmalıdır ki, o malın, məhsulun dəyəri emal müəssisələrini qane etsin. Onlar ucuz xammal əldə edib, həmin xammaldan da son məhsulu əldə etsinlər. Belə olan halda əgər hökumət xammal istehsalını müəyyən səviyyəyə qaldıra bilsə ondan sonra emal sənayesi öz-özünə inkişaf edəcək. Emal sənayesində problem yoxdur, problem məhz ilkin istesaldadır. Məhsuldarlığı artırmaq problem deyil. Hamısı xammalın istehsalından asılıdır. Hökümət xammal istehsalına daha çox fikir verməldir.