Yanvarın 9-da insan haqları fəalı Bəxtiyar Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair verilmiş şikayət üzrə Apellyasiya Məhkəməsi keçirilib.
Bəxtiyar Hacıyev yenidən aclıq aksiyasına başlayacağını bildirib.
Vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə bildirib ki, Bəxtiyar Hacıyev dekabrın 15-dən başladığı aclığı ayın 28-də dayandırmaqla ona qarşı qərəzin dayandırılması üçün qarşı tərəfə imkan yaradıb. Onun sözlərinə görə, o vaxtdan ötən müddət göstərdi ki, qarşı tərəf qərəzindən əl çəkmək niyyətində deyil.
“Ona görə bu məhkəmə də şikayətimizi təmin etməsə, yenidən aclığa başlayacağam. Çünki mənə qarşı qərəz davam edir. Bu dəfə aclığı sona qədər davam etdirəcəm” - deyə, Hacıyev bildirib.
Bəxtiyar Hacıyev bildirib ki, ona qarşı irəli sürülmüş məhkəməyə hörmətsizlik, xuliqanlıq ittihamları absurddur. Onun sözlərinə görə, əsl məhkəməyə hörmətsizlik onun barəsində çıxarılan qərarlardır.
Məhkəmə Bəxtiyar Hacıyevin şikayətini təmin etməyib.
Dekabrın 9-da Bakının Xətai rayon Məhkəməsi hakim Fuad Axundovun sədrliyi ilə ictimai fəal Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçib.
Bəxtiyar Hacıyev barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi açılıb.
Hacıyev məhkəmədəki çıxışında irəli sürülən ittihamları qəbul etməyib, siyasi fəaliyyətinə, o cümlədən beynəlxalq forumlarda hakimiyyəti tənqid etdiyinə görə təqib olunduğunu bildirib.
Belə ki, Hacıyevin həbsi dekabrın 7-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Formunun Praqada keçirilən illik Assambleyasında iştirakdan sonraya təsadüf edir.
Dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsi hakim Zəki Babayevin sədrliyi ilə Bəxtiyar Hacıyevin həbsindən verilmiş apellyasiya şikayətini təmin etməyib.
Məhkəmədə Bəxtiyar Hacıyev etiraz olaraq müddətsiz aclıq aksiyasına başladığını elan edib və 14 gün aksiyanı davam etdirib.
Dekabrın 20-də Xətai rayon Məhkəməsi ictimai fəalın barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə müraciətini təmin etməyib. Dekabrın 23-də Bakı Apellyasia Məhkəməsi də bu məhkəmə qərarından verilən şikayəti təmin etməyib.
Bundan sonra vəkillər yenidən ictimai fəalın barəsində seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə Xətai rayon Məhkəməsinə müraciət edib. Dekabrın 29-da Xətai rayon Məhkəməsi hakim Sülhanə Hacıyevanın sədrliyi ilə yenə vəsatəti təmin etməyib. Vəkillər bu məhkəmə qərarından da apellyasiya şikayəti verib.
Çoxsaylı yerli və beynəlxalq təşkilatlar Bəxtiyar Hacıyevin həbsinə görə Azərbaycan siyasi hakimiyyətini qınayan bəyanatlarla çıxış edib.
Rəsmi Bakı Bəxtiyar Hacıyevin həbsi ilə bağlı yerli və beynəlxalq reaksiyalara hələ münasibət bildirməyib. Bununla yanaşı, Azərbaycan hakimiyyəti bir qayda olaraq belə bəyanatları qəbul etmir və qərəzli hesab edir.