Azərbaycanda qarlı hava şəraiti davam edəcək, yollar buz bağlayacaq

Bakıda qar yağıb

Yanvarın 8-dən başlayaraq Azərbaycan ərazisində yağıntılı hava şəraiti davam edir, qar yağır.

Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, ölkənin müxtəlif regionlarında 30 santimetrədək qar yağıb.

Onun sözlərinə görə, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək, dağlıq rayonlarda 14-17 dərəcə şaxta, Aran rayonlarında 3 dərəcəyədək şaxta olub.

Qarlı hava ölkənin avtomobil yollarında çoxsaylı avtomobillərin yollarda qalmasına, qəzaların baş verməsinə səbəb olub.

Bakıda qar yağıb

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, yanvarın 7-də və 8-də qarlı hava şəraiti ilə bağlı Qusar, Quba və Xaçmaz rayonlarında 22 avtomobil nəqliyyatı hadisəsi baş verib. Nəticədə 2 nəfər xəsarət alıb, 69 avtomobilə zərər dəyib.

Fövqəladə Hallar Nazirliyi ölkə ərazidində müşahidə olunan kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Müraciətdə deyilir ki, hava şəraiti kəskin dəyişib, əksər ərazilərdə yağıntı, o cümlədən sulu qar və qar yağıb, bəzi yerlərdə intensiv olub, temperatur ötən günlərlə müqayisədə xeyli enib, yollar buz bağlayıb.

“Belə ki, soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olur. Bu zaman elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq yanğınla nəticələnə, həmçinin dəm qazı təhlükəsi yarada bilər,” xəbərdarlıqda qeyd edilir.

Nazirlik həmçinin avtomobillərlə səfərə çıxan insanları və piyadalrı ehtiyatlı olmağa çağırır.

Bakıda qarlı hava

“Səfərə çıxan insanlara rəsmi qurumların hava şəraiti ilə bağlı proqnozlarına diqqət yetirməyi, şaxtalı və çovğunlu havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi tövsiyyə edirik,” xəbərdarlıqda deyilir.

Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, ölkə ərazisində müşahidə olunan yağıntılı, qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq yanvar ayının 9-dan 12-dək avtomobil yollarının buz bağlayacağı gözlənilir.