Vaşinqtonda qərargahlanan Hadson İnstitutunun baş elmi işçisi Lyuk Koffi Amerikanın Səsinə müsahibəsində Laçın yolundakı vəziyyəti və bu gərginliyin gələcək sülh danışıqlarına mümkün təsirlərini şərh edib.
Amerikanın Səsi: Azərbaycan və Ermənistan arasında son vaxtlar, xüsusən də Laçın dəhlizindəki vəziyyətə görə gərginlik artmaqdadır. Ermənistan tərəfi Azərbaycanı yolu bağlamaqda və humanitar böhrana səbəb olmaqda günahlandırır. Azərbaycan hakimiyyəti yolun əsas ehtiyaclar üçün bağlandığını inkar edir və bu yaxınlarda Rusiyadan gəlmiş milyarder Ruben Vardanyanı ətraf mühitə təhlükə yaradan qeyri-qanuni mədən əməliyyatlarında ittiham edir. Məsələyə münasibətiniz necədir?
Lyuk Koffi: Tam olaraq nə baş verdiyini bilmək çətindir, çünki orada beynəlxalq media yoxdur. Buna görə də obyektiv olaraq bütün faktların nə olduğunu bilmədən, yalnız iki tərəfin irəli sürdüyü arqumentləri eşidirsiniz. Amma mənə elə gəlir ki, biz Bakının Ermənistanın 2020-ci ilin noyabrında imzalanan atəşkəs planını həyata keçirmək istəməməsi və Zəngəzur dəhlizini ticarət və nəqliyyata açmaması ilə bağlı məyusluğunı görürük. Yəni, məncə biz erməni tərəfindən irəliləyişin olmamasına reaksiya görürük.
SEE ALSO: Ceyms Uorlik: Yeni nəsil ermənilər və azərbaycanlıların təhlükəsizlik içində yaşamalarını istəyirik
Amerikanın Səsi: Sizcə, Laçın dəhlizindəki vəziyyət yeni hərbi münaqişə riski yaradırmı?
Lyuk Koffi: Mən hələ ki, elə bir nöqtədə olduğumuzu düşünmürəm. Mən vəziyyətin ermənilərin göstərdiyi kimi pis olmadığını güman edirəm, çünki sosial mediada tibbi nəqliyyat vasitələrinin, zəruri xidmətlərin keçdiyinə dair bəzi sübutlar var. Ruslar regionda sülhməramlı qüvvə olmalarına baxmayaraq, vəziyyəti idarə etmək və ya öhdəsindən gəlməkdə tamamilə səriştəsiz görünürlər. Mən yaxın zamanda yenidən silahlı münaqişə görəcəyimizi düşünmürəm. Məncə, son bir neçə ayda normallaşma və davamlı sülh sazişi istiqamətində bəzi yaxşı irəliləyişlərin olduğunu gördük. Amma təbii ki, son günlərdə Laçın dəhlizində gördüklərimiz narahatlıq doğurur.
Amerikanın Səsi: ABŞ və Aİ 2022-ci ildə Azərbaycan və Ermənistan arasında davamlı sülh əldə etmək səylərini yeniləyib. Ancaq son gərginlik bu səylərə əngəl törədib. Danışıqların tezliklə bərpa olunacağını gözləyirsinizmi?
Lyuk Koffi: Məncə edəcəklər. Zənnimcə, hər iki tərəf münasibətləri normallaşdırmağa sadiqdir, çünki hər ikisi bunun Cənubi Qafqazın gələcəyi üçün yeganə yol olduğunu başa düşür.
Mən azərbaycanlı olsaydım, 30 ilə yaxın azərbaycanlıların 90-cı illərdə qovulduqları evlərinə qayıtmasına mane olan ermənilərin bu blokada adlandırdıqları şeydən şikayət etmələri mənə qəribə gələrdi. Ancaq Azərbaycan hökuməti də çox diqqətli olmalıdır ki, etirazçıların blokada yaratması kimi davranışına göz yummasın. Çünki təbii ki, Azərbaycan hökuməti bildirib ki, Qarabağda yaşayan etnik ermənilər Azərbaycan vətəndaşlarıdır və Azərbaycan vətəndaşları kimi rəftar görməlidirlər.
Yəni, bu, hazırda bütün tərəflər arasında çox həssas bir tarazlıq matçıdır. Zənnimcə, Brüssel və Vaşinqton nə qədər tez cəlb olunsa, məsələ bir o qədər tez həll olunacaq. Amma düşünürəm ki, hazırda biz Bakının 2020-ci ilin noyabrından bəri irəliləyişlərin olmamasına diqqəti artırmağa çalışdığını görürük.
SEE ALSO: Ned Prays: Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, demokratik, firəvan və dinc gələcəyin təşviq edilməsinə sadiqikAmerikanın Səsi: Rusiyanın Ukraynada davam edən hərbi münaqişəsi regiondakı geosiyasətə necə təsir edir?
Lyuk Koffi: Rusiyanın Cənubi Qafqazda, eləcə də Mərkəzi Asiyada təsiri azalır. Mən Moskvanın artıq səmimi bir vasitəçi olaraq görüldüyünü düşünmürəm. Ona görə də son aylarda Brüssel və Vaşinqton tərəfindən Ermənistan və Azərbaycanı danışıqlar masasına oturtmaq istiqamətində irəliləyişlər gördük.
Lakin Rusiyanın hələ də Ermənistanda çox böyük hərbi mövcudluğu var. Ermənistan hələ də öz təhlükəsizliyi və bir çox iqtisadi fəaliyyəti üçün yalnız Rusiyadan asılıdır. Azərbaycanın ərazisində hələ də iki minə yaxın rus sülhməramlısı var ki, kənar müşahidəçilər onların sülhməramlı rolundan işğal roluna çevrildiyini düşünür. Belə ki, onlar jurnalistlərin Qarabağda baş verənlər və digər məsələlər barədə məlumat yaymasına mane olurlar. Ona görə də, məncə Rusiyanın təsiri azalmaqdadır və Rusiyanın davamlı sülhün əldə olunmasında oynaya biləcəyi rol da azalıb. Ancaq Rusiya hələ də regionda bir aktyordur və iki ölkə arasında davamlı sülh nizamlanmasında müəyyən rol oynayacaq.