Hüquq-müdafiə təşkilatları Mina Əlixaninin Zəncan həbsxanasına göndərildiyi və Təbrizdə Fərnaz Əlizadə Gülənbərin təqribən 2 həftə nəzarətdən sonra sərbəst buraxıldığını bildirib.
İdmançı Mina Əlixani daha əvvəl Zəncanda təşkil olunan etiraz aksiyaları ilə əlaqədar nəzarət altına alınaraq, "ümumi intizamı pozmaq' ittihamı ilə mühakimə edilmişdi. O, daha sonra Zəncan Cəza Məhkəməsi tərəfindən 1 il həbs və 74 zərbə şallaq cəzası alıb. Həbs cəzasının 6 ayı şərti hesab edilib.
"İran İşçilərinin Azad Birliyi"nin yaydığı məlumata görə, Əlixani bir neçə gün əvvəl həbs hökmünün icrası üçün Zəncanın Səfərabad həbsxanasına göndərilib.
Təbrizdə isə dekabr ayının 19-da nəzarət altına alınan Fərnaz Əlizadə Gülənbər mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.
Hüquq müdafiə cəmiyyəti "Ərk" Əlizadə Gülənbərə Təbrizin ümumi və inqilab prokurorluğu tərəfindən "İslam Respublikası nizamına qarşı təbliğat" fəaliyyəti göstərmək ittihamının irəli sürüldüyünü bildirib.