Müdafiə Xətti: “Bu il Azərbaycanda məhkəmələr, hüquq mühafizə orqanları siyasi hakimiyyətin təsir və təzyiqi altında fəaliyyət göstərib” 

Dekabrın 30-da “Müdafiə Xətti” İnsan Haqları Təşkilatı ilin yekun hesabatı üçün mətbuat konfransı keçirib. Təşkilat hesabatında bəyan edib ki, 2022-ci ilin oktyabr, noyabr və dekabr aylarında Azərbaycanda insan hüquqları sahəsində mövcud vəziyyət daha da pisləşib.

Bəyanatda deyilir ki, Azərbaycanda siyasi ağırlıqlı cinayət və inzibati təqiblər artıb, hakim siyasətin tənqidçilərinə münasibətdə repressiv tədbirlər tətbiq edilib, saxta ittihamlarla cəmiyyətdən təcrid etmə halları çoxalıb, demokratik quruluşa təminat verilməyib, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olunmayıb, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi dövlət qurulmayıb.

Təşkilatın həmtəsisçisi Rüfət Səfərovun sözlərinə görə, hakimiyyət qolları arasında ali icra hakimiyyəti dominantlığı ilə fərqlənib:

“Məhkəmələr, hüquq mühafizə orqanları siyasi hakimiyyətin təsir və təzyiqi altında fəaliyyət göstərib, müxalif fəallara qarşı sifarişli qərarlar çıxarıblar. Qanunverici orqan icra hakimiyyətinin davamı kimi diqqət cəlb edib”.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Konstitusiyasının III fəslində təsbit edilmiş əsas insan və vətəndaş hüquqları və azadlıqları, xüsusilə, hamının qanun və məhkəmə qarşısında bərabərliyi, ədalətli mühakimə, söz və fikir azadlıqları pozulub, qanunsuz cəzalandırmalar geniş vüsət alıb.

“Polis idarə və şöbələrində, cəzaçəkmə müəssiələrində, istintaq təcridxanalarında pis rəftarlar, işgəncə halları qeydə alınıb. Yığıncaqlar azadlığına imkan verilməyib. Sərbəst toplşamaq azadlığı faktiki olaraq yasaq edilib. Müxalifətdə olan AXCP-nin, Müsavatın, ADR-in bir neçə dəfə piket və mitinq təşəbbüsləri polis qüvvələrinin zorakılığı ilə müşayiət edilib”, deyə hüquq müdafiəçisi bildirib.

Rüfət Səfərov əlavə edib ki, siyasi təsisatların fəaliyyəti yeni əngəllərə məruz qalmaqdadır:

“Parlamentdə növbəti oxunuşdan keçən “Siyasi partiyalar haqqında” qanun qüvvəyə minərsə, vətəndaşların dövlətin və cəmiyyətin siyasi həyatında iştirak etmək hüququ daha ciddi məhdudiyyətlərə məruz qalacaqdır. Hökumət idarəçikdə sərtliyə üstünlük verməkdədir. Siyasi və hüquqi açılımlara hazır olmadığı aşkardır”.

Rəsmi qurumlar bu hesabatla bağlı hələlik, şərh verməyiblər.

Lakin Azərbaycan hakimiyyəti bir qayda olaraq ölkədə insanların əqidəsinə görə təqib edilmədiyini, bütün vətəndaşların fundamental hüquqlarının qorunduğunu bildirir.