İranda ümummilli etirazlar ilə əlaqədar saxlanılan bir çox vətəndaşın adı həbs edildikdən uzun müddət sonra yayılır. Hüquq müdafiəçiləri, o cümlədən gənc tələbə Əli Mirzapurun təqribən bir aydır Təbrizin mərkəzi həbsxanasında saxlanıldığını bildirirlər.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi və İranda Müəllimlərin Həmkarlar Birliklərinin Koordinasiya Şurası bu haqda məlumat yayıblar.
Yayılan məlumata görə, Sofyan şəhərinin Çilləxana kəndindən olan 22 yaşındakı Əli Mirzapur Təbriz Azad Universitetinin tələbəsidir.
Mirzapurun hansı orqan tərəfindən və hansı səbəblə tutulduğuna dair məlumat yoxdur.
Müəllim Birliklərinin Koordinasiya Şurasının məlumatına əsasən, Mirzapur bu yaxınlarda Təbriz həbsxanasından ailəsinə zəng edib. O, ailəsindən istəyib ki, onun üçün bir vəkil tapsınlar.
İranda "İslam Respublikası nizamına qarşı təbliğat" və "milli təhlükəsizliyə qarşı fəaliyyət" kimi ittihamlar ilə üzləşənlərinı müdafiəsini qəbul edən vəkillərin sayı olduqca azdır. Bu növ ittihamlarla suçlananları müdafiə edən vəkillər isə təhlükəsizlik qüvvələrinin təhdid və basqılarına məruz qalır.
SEE ALSO: Təbrizdə vəkil Negin Kiyani həbsə məhkum edilib, ölkədən çıxışına qadağa qoyulubŞərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Hüquqları Komissiyasının başqan vəkili Sina Yusufi oktyabrın 12-də yaydığı bir açıqlamada Təbrizdəki etirazlar ilə əlaqədar o tarixə qədər təqribən 1700 nəfərin saxlanıldığını qeyd etmişdi. Vəkil bu məlumatı açıqladıqdan bir neçə gün sonra təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınmışdı.
Hüquq müdafiəçiləri ümummilli etirazlar ilə əlaqədar həbs edilən, yaralanan və öldürülənlər arasında çox sayda gənc və azyaşlı vətəndaşların olduğunu qeyd edir. Həbsxanalarda gənclər və yeniyetmələrin ağır işgəncələrə məruz qaldığına dair xəbərlər yayılır.