Azərbaycanda xüsusi karantin rejiminin müddəti gələn ilədək uzadılıb

Bakıda karantin ( foto mənbə: VOA-arxiv)

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.

Bu barədə Nazirlər Kabinetinin müvafiq qərarında bildirilib.

Nazirlər Kabinetinin qərarına əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 1 mart saat 06:00-dək uzadılıb.

Bundan əvvəl bu müddət 1 yanvar 2023-cü ilədək nəzərdə tutulmuşdu.

Azərbaycanda koronavirusa yoluxanların sayı sürətlə artır. Belə ki, son günlər infeksiyaya yoluxanları sayı iki dəfədən çox artıb.

Xatırlatma

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə xüsusi karantin rejimi tətbiq edilib. Hazırda Azərbaycanda bütün qadağalar ləğv edilib. Azərbaycanın quru sərhədləri koronavirus pandemiyası başlayandan bağlanıb.

Hazırda dünyanın bir çox ölkəsi quru sərhədlərini insanların keçidi üçün açsa da, Azərbaycanın sərhədləri hələ də bağlıdır. Quru sərhədlərini insanlar yalnız hökumətin xüsusi icazəsi ilə keçə bilir.

Son illər yüzlərlə Azərbaycan vətəndaşı Rusiya ilə quru sərhədini keçə bilmədiyindən bu ölkədəki düşərgələrdə aylarla gözləməli olub. Təyyarə biletləri isə çox baha olduğundan bir çox insan üçün əlçatımlı deyil.