Yazar, "Qadın üçün" təşəbbüs qrupunun rəhbəri Zümrüd Yağmur Amerikanın Səsinə müsahibəsində İrandakı etirazların İran Azərbaycanında yaşayan qadınların hüquqlarına təsirlərindən danışıb.
Amerikanın Səsi: Sizcə etirazlar sonda İranda siyasi rejimin dəyişdirilməsinə gətirib çıxara bilərmi?
Zümrüd Yağmur: Açığı indiki proseslərin yaxın zamanlarda İranda hər hansı bir rejim dəyişkiliyinə gətirdiyini düşünmək bir qədər sadəlövlük olardı. Amma bütövlükdə indiki proseslərin gedişatı və rejimin öz vətəndaşlarına qarşı bu qədər amansız davranması müəyyən mənada onun laxlamasının sürətlənməsinə səbəb olacağını düşünmək olar. İndiki prosesləri əslində rejimin dəyişməsindən daha çox, həmin bu rejimin təməlinə su axıtma prosesi kimi dəyərləndirmək olar. Dediyim kimi, bu tip rejimlərin, hansı ki, İranda da rejim həddən artıq amansızdır, məhz bu tipli etirazlarla tez bir zamanda dəyişəcəyini düşünmək mümkün deyil.
Amerikanın Səsi: İran Azərbaycanında qadınların etiraz aksiyası onların azadlıq hüquqlarının bərpasına hansı töhfələr verə bilər?
Zümrüd Yağmur: Bilirsiniz, əslində zahirdən belə görünür ki, İrandakı proseslərdə qadınlar sadəcə baş örtüyünün açılması uğrunda mübarizə aparır. Əslində mahiyyətdə bu belə deyil. Bütövlükdə azadlıq uğrunda mübarizə aparılır. Qadınların azadlığına gəldikdə isə azad seçim uğrunda mübarizə gedir. Azadlıq nədir? Bir insanın seçim eləyə bilməsidir. İranda gedən proseslər də əslində qadınlara sırf şamil etsək, hansı ki, daha geniş baxsaq, əslində rejimə qarşı mübarizəyə çevrilib. Kişilərin də buna dəstəyini ifadə etdiyini görsək. Bütövlükdə əslində dini rejimə qarşı bir mübarizədir. Onu bir qədər dar çərçivəyə salsaq və bunu qadınların mübarizəsinə şamil etsək, qadınlar təkcə baş örtüyünə görə mübarizə aparmır, bütövlükdə azadlıq uğrunda mübarizə aparır. Məsələn, sabah İranda rejim dəyişə bilər, amma biz qapalı bir qadın da görə bilərik. Amma bu, zorakı qapanma olmayacaq. Bu, azad seçim uğrunda mübarizə olacaq. İranda mübarizə azad seçim, təməl haqlar uğrunda mübarizədir. İndiki halda rejimin qadınlara öz haqlarını ona verməsi və yaxud buna bir töhfə verməsi mümkün görünmür. Çünki rejim bütvlükdə öz vətəndaşı ilə silah dili ilə danışırsa, deməli onun vətəndaşı ilə dialoqa getməsi kimi bir niyyəti yoxdur. Bundan sonrakı proseslər də yəqin ki, daha sıxılma üzərində gedəcək. Rejim bundan sonra da daha çox amansızlığa əl atmağa yəqin ki, gedəcək.
Amerikanın Səsi: Azərbaycan Respublikasındakı hüquq-müdafiə təşkilatları, o cümlədən qadın hüquqları ilə məşğul olan təşkilatlar İran Azərbaycanında və bütövlükdə İranda qadın hərəkatına dəstək verirmi?
Zümrüd Yağmur: Açığı yox. Belə bir dəstəyin ifadə olunduğunu demək doğru olmazdı. Ümumiyyətlə Azərbaycanda ictimai-siyasi proseslər müəyyən mənada ölü nöqtədədir. Daha çox sosial şəbəkələrdə insanların etirazı ilə ifadə olunur. Çünki Azərbaycanda da sərbəst toplaşmaq azadlığı ilə bağlı kifayət qədər problemlər var. Bu baxımdan tutaq ki, hər hansı siyasi qüvvə, yaxud qadın təşkilatları çıxıb bununla bağlı hər hansı bir aksiya eləsə bunun nə ilə nəticələnəcəyini hamımız bilirik. Ən yaxşı halda imkan verilməyəcək. Amma bütövlükdə Azərbaycanda iqtidarın, siyasi müxalifətin daha irəli nəsil vətəndaş cəmiyyətinin qadın məsələsinə münasibəti o qədər də mütərəqqi deyil. Yəni iqtidar, indiki siyasi müxalifətin və irəli nəsil olan vətəndaş cəmiyyətinin Azərbaycan cəmiyyətindəki qadın problemlərinə hər hansı töhfəsinin olduğunu və yaxud həssaslıq nümayiş etdirdiyini biz görməmişik. Ona münasibət görmədik, - nə siyasi müxalifətdə, nə vətəndaş cəmiyyətində. Yalnız feminist təşkilatlarında oldu. Bu baxımdan biz Azərbaycanın bu hissəsində olan yanaşmanı götürsək, Azərbaycandakı bax bu siyasi sistemin, vətəndaş cəmiyyətinin İrandakı baş verən proseslərə münasibətini hətta olmuş olsa belə mən şəxsən səmimi dəyərləndirməzdim. Çünki buradakı proseslərdə qadın hüquq müdafiəçilərini əxlaqsız adlandıran bir kəsimin İrandakı qadınların azadlığını dəstəkləməsini səmimi hesab etməzdim. Amma qeyri-səmimi də xüsusi bir dəstək yoxdur. Sadəcə olaraq, sosial şəbəkələrdə müəyyən mənada statuslarla dəstəkdir ki, hansı ki, bunu böyük bir dəstək adlandırmaq olmaz. Ümumiyyətlə şərqdə konkret olaraq qadın problemi həll olunmayıb. Yəni bu İrandada da belədir, Əfqanıstanda da, Azərbaycanda da belədir. Bütövlükdə iqtidarların və siyasi müxalifətin, vətəndaş cəmiyyətinin bu məsələyə həssaslığı hələ kifayət qədər deyil. Düşünürəm ki, İran məsələsi əslində şərqdəki qadın probleminin daha amansız bir tərkib hissəsidir.