Azərbaycan QHT nümayəndələri Şuşa yaxınlığında aksiya keçirir, Ermənistan Laçın dəhlizinin bağlanmasından narahatdır

Rusiya sülhməramlıları etirazçılarla üz-üzə dayanıb (Video görüntü - İTV)

Azərbaycan qeyri-hökumət təşkilatlarının nümayəndələri Şuşa şəhərinin civarında Rusiya sülhməramlılarının postu qarşısında saatlarla davam edən aksiya keçirirlər.

Azərbaycanlı mütəxəssislərin Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edən aksiya iştirakçıları sülhməramlı kontingentin komandiri Andrey Volkovun əraziyə gəlişini tələb edirlər.

Nəticədə Qarabağ ermənilərininin Ermənistana təmas xətti olan Laçın dəhlizi faktiki olaraq bağlanıb və maşınlar yolda dayanıblar.

Yerevanda Genosidə Qarşı Dördüncü Qlobal Forum əsnasında BMT Baş Katibinin Genosidin Qarşısının Alınması üzrə Xüsusi Məsləhətçisi Alis Vairimu ilə görüşən Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan regionda yaşayan ermənilərin həyati təhlükə ilə üzləşdiyini bildirib.

Qoris-Xankəndi yolunda baş verənləri Azərbaycanın Laçın dəhlisini bağlamaq cəhdi kimi dəyərləndirən Mirzoyan bunun rəsmi Bakının “etnik təmizləmə siyasətinin təzahürü” olduğunu vurğulayıb.

Rusiya sülhməramlıları etirazçılarla üz-üzə dayanıb (Video görüntü - İTV)

Dekabrın 12-də Rusiya prezidenti Vladimir Putin həm Ermənistanın baş naziri Nikol Paşinyan, həm də Azərbaycan prezidenti İlham Əliyevlə telefonda danışıb.

Ermənistan baş nazirinin mətbuat xidmətindən verilən xəbərdə deyilir ki, Putin-Paşinyan söhbətində regional təhlükəsizlik məsələləri ilə yanaşı Laçın dəhlizində yaranmış vəziyyət, Rusiya sülhməramlılarının növbəti addımları müzakirə olunub.

Dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi əraziləyə gəlsə də, monitorinq cəhdi baş tutmayıb.

Azərbaycan tərəfi baş verənlərə görə Rusiya sülhməramlılarının komandanlığını günahlandırıb.