Azərbaycan Xaql Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Amerikanın Səsinə müsahibəsində ilin əsas yekunlarından, insan hüquqları sahəsində durumdan və xarici siyasətdən danışıb.
Amerikanın Səsi: 2022-ci il başa çatır. İlin yekunlarını necə qiymətləndirərdiniz?
Bu il 43 faiz qiymət artımı olub. Hökumət tərəfindən buna adekvat heç bir tədbir görülməyib.
Əli Kərimli: İlin yekunlarından danışan zaman ilk növbədə sosial-iqtisadi problemləri qeyd etmək istəyirəm. Çünki Azərbaycanda onsuz da sosial-iqtisadi durum kəskin idi. Amma bu il 43 faiz qiymət artımı olub. Hökumət tərəfindən buna adekvat heç bir tədbir görülməyib. Ona görə də bu il Azərbaycanda yoxsulluq pik həddə qalxıb. Azərbaycanda milyonlıarla insan yaşayış uğrunda mübarizə aparır. Pensiya sistemi də darmadağın edilib. Bu il ərzində pensiya yaşına çatmış (pensiya yaşı da qaldırılıb, 65 yaşına çatan kişilər pensiya ala bilir) insanların 40 faizi pensiya ala bilməyib (burada pensiya yaşının çatmasına baxmayaraq əmək stajı yetərincə olmayan şəxslər nəzərdə tutulur-red). Olduqca acınacaqlı bir vəziyyətdir. İlin siyasi yekunları haqqında danışdıqda mən xüsisi vurğulamaq istəyirəm, Azərbaycan bu il demək olar ki, təcrid olunub. Azərbaycan beynəlxalq aləmdə tərəfdarlarını itirib. Çoxlu əlehdar qazanıb. Ermənistanla münaqişədə haqlı ikən haqsız duruma düşmüşük. Bu il BMT Təhlükəsizlik Şurasındakı, Avropa Parlamentindəki müzakirələrdə biz təklənmişik. Azərbaycana qarşı bir çox ölkələr öz münasibətlərini sərtləşdirib. Qonşu İrandan tutmuş uzaq Hindistana, Fransaya qədər Azərbaycana qarşı sərt mövqelər ortaya qoyur. Eyni zamanda bir çox qərb ölkələrində də müzakirələr Azərbaycana uyğun olmayan formada gedib. Həm ABŞ Konqresi adından verilən açıqlamalarda, həm Fransa Senatının və Nümayəndələr Palatasının qəbul etdiyi qətnamələrdə, həm də Avropa Parlamentindəki ilkin müzakirələrdə Azərbaycanla bağlı neqativ mövqe ortaya qoyulub. Eyni zamanda Azərbaycanın böyük ümidlə baxdığı
Azərbaycanın böyük ümidlə baxdığı beynəlxalq avtoritarizmin və totalaitarizmin mərkəzi olan Çin və Rusiya da Azərbaycanı Ermənistanla münaqişədə dəstəkləməyib.
beynəlxalq avtoritarizmin və totalaitarizmin mərkəzi olan Çin və Rusiya da Azərbaycanı Ermənistanla münaqişədə dəstəkləməyib. Xüsusilə də sentyabr ayındakı döyüşlərdən sonra dəstyəkəməyiblər. Ona görə də hesab edirəm ki, 2022-ci il siyasi baxımdan İlham Əliyevin xarici siyasətinin iflası və Azərbaycanın təcrid olunduğu il kimi xarakterizə olunmalıdır. Bu il həm də onunla xarakterizə olunur ki, bütün dünya üçün önəmli olan Rusiya-Ukrayna savaşı gedir. Rusiya artıq maskasını düşürüb, bütün dünya tərəfindən işğalçı kimi tanınır. Ona qarşı çox ağır sanksiyalar qoyulub. Belə bir dövlətlə İlham Əliyev bu il fevralın 22-də Azərbaycanı rəsmən müttəfiq elan edib. Biz indi hüquqi baxımdan guya Rusiya ilə müttəfiqik. O dövlət ki, bizim torpaqlarımızın müəyyən bir hissəsini bu gün də işğalda saxlayır. Bizə qarşı indiyə qədər çoxsaylı işğalçılıq hərəkətlərinə yol verib. Bizimlə müharibə aparan Ermənistanı 30 il ərzində silahlandırıb. Hətta həmin ölkənin ordusunun Xocalı qətliamında belə iştirakı olub. İndi bu ölkə bizim rəsmi müttəfiqimiz hesab olunur. Bütün bunların hamısı nəyi göstərir? Bu il Azərbaycanın beynəlxalq aləmdəki mövqeyi təəssüf ki, zəifləyib. İlham Əliyevin xarici siyasəti iflasa uğrayıb. Azərbyacan təcrid olunub. Bizim üçün az-çox təsəlli bu ola bilərdi ki, Ermənistanla Azərbaycan arasında danışıqlar prosesi il ərzində davam edib. Ötən ilin dekabrından başlayaraq Brüssel prosesi davam edib. Vaşinqton bu prosesə çox ciddi şəkildə müdaxilə edib. ABŞ rəsmiləri Azərbaycan və Ermənistan liderləri ilə dəfələrlə danışıb müzakirələr aparıb. Sonda müəyyən ilkin razılaşmalar əldə olunub. Azərbaycanla Ermənistan sülhün əsas prinsiplərində, xüsusi ilə də qarşılıqlı şəkildə bir-brinin ərazi bütövlüyünü tanımaq məsələsində razılığa gəliblər. Putinin təbirincə desək, Vaşinqton planında Qarabağın üzərində Azərbaycanın suverenliyinin təmin olunması nəzərdə tutulub. Bu azərbaycanlılar üçün yaxşı xəbərdir. Amma, çox təəssüf ki, ilin sonunda məlum oldu ki, Putin bu danışıqların dayandırılmasına ən azı müvəqqəti olaraq nail ola bildi. Çox təəssüf ki, dekabr ayında nəzərdə tutulmuş Brüssel görüşləri baş tutmadı və bu da bizi narahat edən faktorların arasındadır. Bizim üçün ilin yekunları sırasında Qarabağdakı separatizmin daha da güclənməsi qeyd edilməlidir. Çünki, indi artıq, 2020-ci ilin İkinci Qarabağ savaşındakı yaşadıqları məğlubiyyətdən sonra separatçılar məhz bu il özlərinə gəliblər. Rusiyanın köməkliyi ilə silahlanıblar, mövqelərini möhkəmləndiriblər və Soçi görüşü ərəfəsində Xankəndində Rusiyanın birbaşa sifarişi ilə on minlərlə erməninin iştirakı ilə keçirilmiş anti-Azərbaycan mitinqi bir nümayiş oldu ki, sepratizm Xankəndində yenidən artıq bərpa olunur. Həmin o separatçıların silahlı qüvvələri bərpa olunur. Onlar yenidən Azərbaycana meydan oxumağa başlayıblar. Bu da Rusiyanın, İlham Əliyevin müttəfiqinin Azərbaycana yaratdığı surprizdir. Eyni zamanda bu il biz deyə bilərik ki, Rusiya Qarabağ üzərində nəzarəti tam olaraq möhkəmləndirdi, onun adamı hesab olunan Xocalı qatillərindən biri Vitali Balasanyan bütün güc strukturlarına rəhbərliyi həyata keçirir, Rusiyanın ezam etdiyi milyarder Vardanyan da iqtisadi bloka rəhbərliyi həyata keçirir. Deməli, faktiki Qarabağdakı kiçik qrup separatçılara Moskva birbaşa rəhbərlik edir. Bu da bizim üçün uğursuz bir haldır.
Your browser doesn’t support HTML5
Bir sıra istiqamətlərdə ağır repressiyalar həyata keçirildi.
Mən siyasi hüquqlar baxımından da qısaca qeyd etmək istəyirəm. Bu il Azərbaycanda insan haqlarının kütləvi şəkildə pozulmasının davam etməsi ili kimi xarakterizə olunmalıdır. Bir sıra istiqamətlərdə ağır repressiyalar həyata keçirildi. Əvvəla bu il məhz diffamasiya ilə xeyli siyasətçilər, ictimai-siyasi fəallar həbs olundu. Bu yeni trenddir. Azərbaycan hakimiyyəti guya özü həbs etmir görüntüsü yaratmaqdan ötrü müxtəlif adamlardan istifadə edərək siyasi partiya sədri Əli Əliyevi, ictimai fəallar İlham Aslanoğlunu, Abid Qafarovu məhz diffamasiya ilə həbs etdirib. Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəallarından Gülnarə Rəhimova diffamasiya ilə cəzalandırılıb. Bu günlərdə isə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyliyə qarşı məhkəmə prosesi davam edir. Bu proses əslində Gültəkin xanıma qarşı uzun illərdir davam edən repressiyaların davamıdır. Onu uzun müddət tək övladını əlindən almaqla, evini, avtomobilini əlindən almaqla təhdid etmişdilər. Sonda onu yüz min manat cərimə ödətdirməyə məcbur ediblər. İndi də onu absurd bir ittihamla məhkəməyə çəkiblər. Repressiyaların növbəti istiqaməti Almaniyadan, Avropadan deportasiya olunan siyasi fəallarla bağlıdır. Demək olar ki, 7-8 nəfər siyasi fəal Almaniyadan döndükdən sonra həbs olunub. Bu da mühüm bir istiqamətdir ki, Azərbyacan hakimiyyəti siyasi miqrantlara qarşı məqsədyönlü repressiya həyata keçirir.
Əvvəldən olan siyasi məhbusların üzərinə yeniləri əlavə olunub.
Azərbaycan Xalq Cəbəhəsi Partiyasına qarşı ənənəvi olaraq repressiyalar bu il də davam edib. Əvvəldən olan siyasi məhbusların üzərinə yeniləri əlavə olunub. AXCP fəalları Şahin Hacılı, Razi Alışov, Mütəllim Oruc, Pünham Kərimli həbs olunub. Hal-hazırda da siyasi məhbusların sayı artmaqdadır. Müsəlman Birliyi Hərəkatına qarşı bu il repressiyalar daha da güclənib. Bütövlükdə Azərbaycan hakimiyyəti elə şərait yaradıb ki, bu il də siyasi məhbusların sayı yüzdən aşağı düşməyib. Yəni müəyyən adamlar azad olunanda dərhal onların yeri doldurulub. İl ərzində biz, vətəndaş cəmiyyəti məqsədyönümlü şəkildə sərbəst toplaşmaq azadlığı uğrunda mübarizə aparmışıq. AXCP bu payız üç dəfə şəhərin mərkəzində sərbəst topaşmaq tələbi ilə aksiya keçirib. Hər dəfə iki yüz nəfərdən artıq adam aksiyalar zamanı zorakılıqla həbs olunub. Ölkənin gündəmində hələ də işgəncə var. Hələ də polis zorakılığı var. Bu il vətəndaş cəmiyyətinin təşəbbüsü ilə, Bəxtiyar Hacıyev və digər müstəqil siyasətçilərin təşəbbüsü ilə vətəndaş cəmiyyətinin etiraz aksiyası da olub. Bütün bunların hamısı onu göstərir ki, ölkə üçün bu gün də sərbəst toplaşmaq azadlığı aktual olaraq qalır. Polis zorakılığından, işgəncələrdən ölkənin xilası aktual olaraq qalır.
Amerikanın Səsi: Azərbaycan yeganə ölkələrdən biridir ki, qərbin sanksiyaları altında olan Rusiya və İranla qonşudur. Belə olan halda Azərbaycan Rusiya və İrana qarşı xarici siyasətini necə qurmalıdır? Qeyd edim ki, son zamanlar Azərbaycan-İran münasibətlərində gərginlik yaranıb. Bu fonda münasibətlərin gələcək perspektivlərinə necə baxırsınız?
Hesab edirik ki, Rusiya-Ukrayna savaşına münasibətdə Azərbaycan hökuməti də Azərbaycan xalqı kimi rəftar etməli idi. Azərbaycan xalqının 90 faizindən çoxu Ukraynanın haqlı mövqeyini müdafiə edir.
Əli Kərimli: Əvvəla biz qəti əminik ki, Azərbaycan dünya birliyi ilə birgə hərəkət etməlidir. Azərbaycan hələ 104 il bundan öncə demokratiya seçimini etmiş, Avropaya inteqrasiya seçimini etmiş bir ölkə olub. Ona görə də bu gün bizim üçün ürəkağrıdıcı məsələdir ki, Azərbaycanın rəsmi rəhbərliyi təəssüf ki, ölkəni adını avtoritar, totalitar sistemlərlə yanaşı yazdırır. Bu gün bütün dünya tərəfindən təcrid olunmaqda olan Rusiya ilə rəsmən müttəfiqlik edir. Hesab edirik ki, Rusiya-Ukrayna savaşına münasibətdə Azərbaycan hökuməti də Azərbaycan xalqı kimi rəftar etməli idi. Azərbaycan xalqının 90 faizindən çoxu Ukraynanın haqlı mövqeyini müdafiə edir, Rusiyanın işğalçı siyasətinin iflas etməsini arzulayır. Bundan ötrü əlindən gələni etməyə hazırdır. Təəssüf edirik ki, belə bir işğalçı, o cümlədən bizim müstəqilliyimiz üçün təhlükə olan ölkə ilə Azərbaycanın rəsmi rəhbərliyi dostluq edir.
İranla da əvvəllər belə idi. Amma, son vaxtlar Azərbaycan-İran münasibətləri gərginləşib. Bunu açıq demək lazımdır ki, bu münasibətlərin gərginləşməsi İranın məqsədyönlü bir siyasəti olub. Azərbaycanla Ermənistan arasındakı münaqişə təəssüf ki, hələ bitməyib. Biz hələ müharibə vəziyyətindəyik. Belə bir vəziyyətdə bizim qonşu İran Ermənistana dəstəyini birmənalı şəkildə artırıb. Nəinki tələm-tələsik Qafanda (Ermənistanın İranla sərhəd regionunda şəhər-red) konsulluq açmaqla, həm də Ermənistana birmənalı dəstək ifadə etməklə, Ermənistan ərazisində birlikdə hərbi təlimlər təklif etməklə, Qarabağ separatçılarına müxtəlif üsullarla yardımlar etməklə, onların və Ermənistanın silahlandırılmasında iştirak etməklə, Azərbaycanı təhdid edən açıq şəkildə rəsmi açıqlamalar verməklə, o cümlədən Azərbaycan sərhədlərində böyük hərbi təlimlər keçirib, Araz çayını keçməsini hərbi baxımdan təlim etməklə Azərbaycanı məqsədyönlü şəkildə təhdid edib. Beləliklə münasibətlər gərginləşib.
Azərbaycan cəmiyyəti İrandan gələn bu təhdidlərin qarşısında demək olar ki, bütövdür.
Azərbaycan cəmiyyəti İrandan gələn bu təhdidlərin qarşısında demək olar ki, bütövdür. Biz hamımız Azərbaycanın müstəqilliyindən dünyəvi dövlət olaraq özünü qoruya bilməsindən və Avropa seçimini həyata keçirməsindən yanayıq. Biz inanırıq ki, bu gün olmasa da, bir gün Azərbaycan avroatlantik məkanın bir parçası olacaq. İranda isə çox ciddi hüquqlar uğrunda hərəkat baş verir. Orada İran xalqları, o cümlədən İranda yaşayan on milyonlarla Cənubi Azərbaycanlılar öz hüquqları uğrunda mübarizə aparır. Bizim mövqeyimiz belədir ki, biz dünyanın hər yerində azadlıqdan və ədalətdən yanayıq. Bu bizim qonşuluğumuzda olan İrana da, Erməstana da, Gürcüstana da, Rusiyaya da, uzaq Venesuelaya da, ərəb ölkələrinə də aiddir. Dünyanın hər yerində xalqlar öz azadlıqları uğrunda mübarizə aparırlarsa biz onlardan yanayıq. Bu günlərdə Azərbaycan cəmiyyəti İran əhalisinin, xüsusilə də İran qadınlarının şücaətli mübarizəsini təqdir edir. Biz bütün xalqların, o cümlədən İranda yaşayan xalqların hüquqlara malik olmasını istəyirik. İstəmirik ki, əlbəttə ki, dövlətlərarası münasibətlər, Azərbaycanla İran arasında açıq hərbi münaiqşəyə çevrilsin. Amma, Azərbaycan öz suverenliyini qorumağı bacarmalıdır. Özünün müttəfiqlər şəbəkəsini formalaşdırmalıdır. Türkiyə ilə müttəfiqliklə paralel olaraq avroatlantik məkana inteqrasiya istiqamətində addımlarını sürətləndirməlidir.
Qeyd: Bu, müxalifətdə olan AXCP sədri Əli Kərimlinin fikriləridir.
Öz növbəsində, prezident İlham Əliyev noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirlən tədbirdə bildirib ki, güclü Azərbaycan dövləti qurulub.
“2003-cü ildən bu günə qədər bizim iqtisadiyyatımız 3 dəfədən çox artmışdır. Bu il iqtisadiyyatımız rekord həddə çatacaq. İlin sonuna qədər gözlənilən proqnoz onu deyir ki, iqtisadiyyatımız 130 milyard manata çatacaq. Bu, rekord göstəricidir. Bizim uğurlu iqtisadi-maliyyə siyasətimiz nəticəsində xarici dövlət borcumuzu əhəmiyyətli dərəcədə aşağı sala bilmişik.”
Onun sözlərinə görə, islahatlar nəticəsində bu ilin sonunadək ölkənin xarici borcunun ümumi daxili məhsuldakı payı 10 faizə qədər endirəcəyik.
“Əgər valyuta ehtiyatlarımızı götürsək, bizim valyuta ehtiyatlarımız xarici borcdan 8 dəfə çoxdur. Yəni, ancaq nadir ölkələr bu göstəricilərlə fəxr edə bilər”, o qeyd edib.
Əliyevin sözlərinə görə, ölkədə yoxsulluq əhəmiyyətli dərəcədə azaldılıb.
“Hətta pandemiya dövründə yoxsulluq bir qədər artsa da postpandemiya dövründə görülmüş işlər nəticəsində minimum əməkhaqqının, pensiyanın minimum məbləğinin müntəzəm olaraq artırılması nəticəsində yoxsulluğu da biz təqribən 5 faiz ətrafında saxlayırıq. Bu da dünya miqyasında çox gözəl göstəricidir. Burada həm dövlət siyasəti, həm iqtisadi-maliyyə sektorundakı şəffaflıq, eyni zamanda, biznes mühitinin yaxşılaşdırılması, yerli və xarici sərmayələrin bundan sonra da qeyri-neft sektoruna cəlb edilməsi əsas amillərdən biri olacaq,” dövlət başçısı vurğulayıb.
Onun sözlərinə görə, uğurlu xarici siyasətin və ordu quruculuğunun nəticəsi olaraq Azərbayacan 44 günlük müharibə nəticəsində ərazi bütövlüyünü bərpa edib.
Əliyevb həmçinin ölkədə fundamental azadlıqların tam təmin edildiyini bildirib.
Bununla yanaşı, Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanda media, toplaşmaq azadlılarının, seçki hüquqnun pozulması, ədalətli məhkəmə araşdırmasının aparılmaması ilə bağlı çoxsaylı qərarlar qəbul edib. Avropa Şurası Parlament Assambleyası 2021-ci ildə Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib. Bu qurumda Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi fəaliyyətr göstərir.
İranla bağlı münasibətlərə gəlincə, Prezident İlham Əliyev bildirib ki, İranda yaşayan azərbaycanlıların ana dilində məktəbləri yoxdur.
“Azərbaycanın xarici siyasəti çox aydındır. Biz heç vaxt heç bir ölkənin daxili işlərinə qarışmırıq. Amma bu, bizimlə eyni etnik mənşəyə, eyni dilə və eyni dəyərlərə sahib olan cəmiyyətin bir hissəsidir. Biz buna axı necə biganə qala bilərik? Niyə məktəblərdə öz dillərini öyrənə bilmirlər? Bilirsiniz, onlar dili itirirlər. Problem ondadır, biz bu məsələni ona görə qaldırırıq ki, İranda azərbaycanlıların danışdığı Azərbaycan dili ədəbi komponentini itirir, məişət dilinə çevrilir. Bu məsələlərə baxılmalı və bu məsələ qaldırılmalıdır, həm də ona görə ki, bu, bizi narahat edir,” o qeyd edib.
Əliyev İranla olan gərginlikdən danşarkən deyib ki, İranın əvvəlki üç prezidenti ilə - Prezident Hatəmi, Prezident Əhmədinejad və Prezident Ruhani ilə işləyib.
“Bütün bu illər ərzində heç vaxt indiki vəziyyətimizə oxşar bir şey olmayıb. Heç vaxt Azərbaycana qarşı nifrət və təhdid dolu sözlər işlədilməyib, sərhədimizdə heç bir hərbi təlim keçirilməyib, ancaq bir neçə ay ərzində iki hərbi təlim keçirilib. Deməli, bu o deməkdir ki, bu vəziyyəti yaradan biz deyilik. Biz bu vəziyyətin daha tez bitməsini istəyirik. Biz bütün qonşularımızla sülh və dostluq münasibətləri istəyirik,” o qeyd edib.
Öz növbəsində, rəsmi Tehran Azərbaycan prezidentinin bu bəyanatına hələ münasibət bildirməyib. İranın Bakıdakı Səfirliyi isə telefonlara cavab vermir.