Vladimir Putin İlham Əliyevə zəng edib

Vladimir Putin və İlham Əliyev (Foto Rusiya prezidentinin rəısmi saytınındır)

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Rəsmi məlumatda deyilir ki, telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr, həmçinin bu il 31 oktyabr tarixli razılaşmalarının reallaşdırılmasının bəzi praktiki aspektləri, o cümlədən Cənubi Qafqazda iqtisadi və logistik əlaqələrin bərpası planları müzakirə edilib.

Dövlət başçıları gələcək təmaslar barədə də fikir mübadiləsi aparıblar.

Öz növbəsində Rusiyanın Kremlin mətbuat xidməti eyni məzmunda rəsmi açıqlama yayıb.

2020-ci il noyabrın 10-da 44 günlük hərbi qarşıdurmadan sonra Azərbaycan Prezidenti İlham Əliyev, Ermənitan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin bölgədə aktiv hərbi əməliyyatlara son qoyan birgə bəyanat imzalayıblar.

Bəyanatda deyilir ki, Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilir.

“Tərəflərin razılığına əsasən yaxın üç ildə Laçın dəhlizi boyunca Xankəndi və Ermənistan arasında əlaqəni təmin edən yeni bir nəqliyyat marşrutunun tikintisi planı sonradan bu marşrutu qorumaq üçün Rusiya sülhməramlı kontingenti yenidən yerləşdirilməsilə müəyyən ediləcək. Azərbaycan tərəfi hər iki istiqamətdə Laçın dəhlizi ilə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinin təhlükəsizliyinə zəmanət verir,” sənəddə qeyd edilir.