Avropa İttifaqı Azərbaycana 2 milyard avro qədər maliyyə ayıracaq

A European flag reflects in a building of the EU headquarters in Brussels. (File)

"Avropa İttifaqı (Aİ) iqtisadiyyatın daha da şaxələndirilməsi, ölkə daxilində iş yerlərinin yaradılması və inklüziv kənd inkişafının təşviqi istiqamətində dövlətin səylərinə töhfə vermək məqsədilə Azərbaycana 2 milyard avro qədər maliyyə ayıracaq."

Bu barədə Aİ-nin Bakıdakı nümayəndəliyindən Amerikanın Səsinə bildiriblər.

"Bu gün Avropa İttifaqı və Azərbaycanın əməkdaşlığı nəticəsində Aİ-nin İqtisadi İnvestisiya Planı üzrə yüksək səviyyəli işçi qrupu fəaliyyətə başlayıb. Yeni əlaqələndiric orqan Avropa İnvestisiya Bankı (EIB), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), habelə Aİ-yə üzv dövlətlərin maliyyə inkişaf institutları ilə birlikdə Aİ-nin dəstəyi ilə prioritet investisiyaları “Team Europe” ruhunda istiqamətləndirərək müəyyənləşdirəcək. Bu, ölkəyə 2 milyard avroya qədər investisiya cəlb etmək üçün Azərbaycanın iqtisadi və investisiya planının potensialını maksimum dərəcədə artırmağa kömək edəcək” -məlumatda deyilir.

Məlumatda qeyd edilib ki, işçi qrup prioritet investisiya layihələrini müəyyən etmək və birgə icra etmək üçün müntəzəm olaraq Avropa Komissiyasının, Azərbaycan hökumətinin və Avropa beynəlxalq maliyyə qurumlarının yüksək səviyyəli nümayəndələrini bir araya gətirəcək. O, bərpa olunan enerji, əlaqələndirmə, KOB-lar, yaşıl və rəqəmsal texnologiyalara keçidlə bağlı investisiyaları araşdıracaq.

Avropa Komissiyasının Şərq Qonşuluğu və İnstitusional Quruculuq üzrə direktoru Lourens Meredit deyib ki, İqtisadi və İnvestisiya Planı üzrə yüksək səviyyəli işçi qrupunun fəaliyyətə başlaması Azərbaycan ilə sıx tərəfdaşlığımızın daha bir bariz göstəricisidir:

“İqtisadi və İnvestisiya Planı artıq Azərbaycan xalqı üçün nəzərəçarpacaq faydalar verir. Belə ki, artıq Azərbaycana 90 milyon avroya qədər vəsait ayrılıb. Bura Gəncədə küçə işıqlandırmasınınyaxşılaşdırılmasına və ölkə daxilində kiçik biznesin maliyyəyə çıxışının dəstəklənməsinə ayrılan investisiyalar daxildir. Birgə işçi qrupumuzun fəaliyyətə başlaması ilə biz Azərbaycan və onun xalqının İqtisadi İnvestisiya Planında nəzərdə tutulan investisiya potensialından daha çox faydalanmasını təmin edə bilərik,” o deyib.