Rusiyanın fevral ayında Ukraynaya təcavüzü genişmiqyaslı quru müharibəsini Avropaya qaytarıb, dünyanı təhlükəli yeni münaqişə və nüvə uçurumları dövrünə sürükləyib. Qərb Ukraynaya böyük miqdarda silah tədarükü və Rusiyaya qarşı sərt sanksiyalarla cavab verib.
Suveren bir ölkəyə səbəbsiz müdaxilə: Rusiyanın Ukraynaya qarşı müharibəsi qlobal təhlükəsizlik nizamını alt-üst edib. Bu, NATO və Rusiyanı birbaşa münaqişəyə yaxınlaşdırıb.
Fevralın 24-də "xüsusi hərbi əməliyyat" adlandırdığı əməliyyatı elan edən Rusiya prezidenti Vladimir Putin İkinci Dünya Müharibəsi ideologiyalarına istinad edib.
"Ukraynanın demilitarizasiyası və de-nasifikasiyasına çalışacağıq."
Rusiya Qərbin müharibəyə qarışacağı təqdirdə nüvə silahından istifadə edəcəyi ilə hədələyib.
NATO Şərqi Avropada müdafiə qüvvələrini gücləndirib. Əvvəlcə ehtiyatlı davranan ABŞ başda olmaqla, Qərb dövlətləri Ukraynaya daha çox silah - haubitsalar, çoxsaylı raket və hava hücumundan müdafiə sistemləri göndərməyə başlayıb.Lakin Ukraynanın tank və döyüş təyyarələri ilə bağlı tələbləri cavabsız qalır.
"Biz Ukraynaya təkcə məğlub olmamaq üçün kifayət qədər silah vermək düşüncəsindən onları Rusiya üzərində qələbə çalmaq üçün təchiz etmək düşüncəsinə keçməliyik. Qərbin hərbi yardımı Ukrayna qüvvələrinə Xarkiv və Xerson şəhərlərini geri almağa kömək edib" - deyə, Avropa İslahatları Mərkəzindən Yan Bond bildirib.
Soyuq qış başlayanda böyük hücumlar yerini səngər döyüşlərinə və uzaq məsafəli zərbələrə verib. Rusiya hazırda Ukraynanın enerji infrastrukturunu hədəf alıb.
"Putinin mülki infrastruktura hücumları Avropaya qaz tədarükünün kəsilməsi ilə açıq-aydın Ukrayna və onun müttəfiqlərinin ruhdan düşməsi ilə qələbəyə nail olmaq məqsədi daşıyır. Bunun işlədiyini düşünmürəm”, Yan Bond deyib.
Təhlilçilər deyir ki, qarşıdakı aylar Qərbin öhdəliyini sınağa çəkəcək.
"Biz ya nüvə zorakısının öz yoluna davam etməsinə və onilliklər ərzində rahat yaşamasına imkan verə bilərik. Ya da Putinin Ukraynada qalib gəlməyəcəyini təmin edə və daha sağlam əsaslarla daha yaxşı bir şeyi bərpa edə bilərik" , Chatham House-dan Samanta de Bendern bildirib.
Rusiyanın itkiləri artdıqca, Putinə təzyiqlər də artır.
"Hazırda hətta ən mühafizəkar təhlillər belə Ukraynada 50 000-ə yaxın insanın öldüyünü göstəririr. Bu, SSRİ-nin Əfqanıstanda 10 il səkkiz ayda itirdiyindən üç-beş dəfə çoxdur. Mən bir cəmiyyətin bunu necə qəbul etdiyini düşünə bilmirəm" , Samanta de Bendern deyib.
Bəs Qərb Ukraynaya dəstəyini davam etdirə biləcəkmi? Vaşinqton tərəddüd etməyəcəyində təkid edir.
"Prezident Ukraynanı nə qədər lazım olsa dəstəkləyəcəyimizi deyib və o, bunu nəzərdə tutur” - deyə, ABŞ-ın Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
Münaqişə zonasından çox uzaqda da ən azı Çin və Tayvan qədər bir çoxları problemi diqqətlə izləyirlər. Müharibənin nəticəsi təkcə Rusiya ilə Qərb arasında münasibətləri deyil, çox güman ki, yeni qlobal nizamı formalaşdıracaq.