Siyasi şərhçi Azər Qasımlı Amerikanın Səsinə müsahibəsində son zamanlar İran-Azərbaycan münasibətlərində yaranan gərginliyin səbəblərindən və bu gərginliyin regional təsirlərindən danışıb.
Amerikanın Səsi: Son zamanlar İran-Azərbaycan münasibətlərindəki gərginlik qarşılıqlı hərbi təlimlərlə davam etdirlir. Sizcə bu gərginlik regionda yeni təhlükələr yarada bilər?
Azər Qasımlı: Əlbəttə, ola bilər. Çünki tarix olaraq Azərbaycanla İran arasında həmişə problemlər olub. Bildiyiniz kimi, Azərbaycan əhalisinin böyük hissəsi müsəlmandı və şiədir. Bildiyiniz kimi, İran da şiəliyi yaymaq cəhdlərində olan bir ölkədir. Bu baxımdan Azərbaycana hansısa bir şəkildə müdaxilə etmək, burada şiə dövləti yaratmaq kimi ideyaları olub. Təbii ki, indi də bunları həyata keçirmək istəyə bilərlər. Amma bunları potensial olaraq Azərbaycanda görmürəm. Çünki ölkəmiz və cəmiyyətimiz sekulyardır. Amma ilk növbədə nəyə baxmalıyıq? Ona baxmalıyıq ki, niyə bu gərginlik yarandı? Bu gərginliyə gətirən səbəblər nədən ibarətdir? Əsas məsələ budur. Mən fikirləşirəm ki, Ermənistan və Azərbaycan sərhəddində olan gərginlik, toqquşmalar və bunun yanında da İlham Əliyevin Zəngəzur ritorikası və bununla bağlı “nəyin bahasına olursa olsun biz Zəngəzur dəhlizini həyata keçirəcəyik” deməsidir. Düşünürəm ki, bütün bu son gərginliklər məhz bundan qaynaqlanır.
Your browser doesn’t support HTML5
Amerikanın Səsi: İran və Azərbaycanın rəsmi qurumları bir-birini terror aktlarında işirakda, həmçinin casus şəbəkəsi, qanunsuz silahlı birləşmə yaratmaqda günahlandırır. Sizcə bu məlumatlar reallığı əks etdirirmi, yoxsa siyasi təzyiq vasitəsidir?
Azər Qasımlı: Bayaq mən dedim. İranın bu istəkləri hər zaman olub. Sadəcə məsələ burasındadır ki, hal-hazırda artıq neçə illərdir ki, İran sanksiyalar altındadır. Beynəlxalq aləmdə ciddi təzyiqlər altındadır. Qərb ölkələri İrana qarşı sanksiyalar elan edir. Bu da İranın həm bu dönəm, həm bu bölgədə, həm də geopolitik olaraq imkanlarını ciddi şəkildə azaldıb. Amma fikirləşirəm ki, İran öz idealarından əl çəkmir.
Amerikanın Səsi: Sizcə ABŞ və Avropa İttifaqının sanksiyaları altında olan İranla Azərbaycan münasibətlərini necə nizamlaya bilər? İranın Azərbaycana qarşı təhdidlərini necə liberallaşdırmaq olar?
Azər Qasımlı: Problem ondan ibarətdir ki, İlham Əliyevin ritorikası tam olaraq İranın bu bölgədə maraqlarına toxunur. İran açıq şəkildə deyib ki, Ermənistanla İran arasında olan sərhədi nəyin bahasına olursa olsun İran qoruyacaq. Mən fikirləşirəm ki, Azərbaycan tərəfi, İlham Əliyev bu, “Zəngəzur ritorikasını” kənara qoyub, daha çox İranla problemlər haqqında danışmağa başlayıb. Bu da daxili bir manipulyasiyadır. Düşünürəm ki, müəyyən dövr keçəndən sonra bu gərginlik aşağıya doğru gedəcək. Hər şey daha əvvəlki vəziyyətinə qayıdacaq. Mən deyərdim ki, nə İran tərəfindən Azərbaycana hücum gözləyirəm, nə də ki, Azərbaycan tərəfindən Zəngəzur dəhlizini güc yolu ilə Ermənistandan almağı düşünürəm. Hesab edirəm ki bunların hamısı bir ritorikadır. Müəyyən dövr keçəndən sonra bunların hamısı unudulacaq.