İqtisadçı ekspert Toğrul Vəliyev Amerikanın Səsinə müsahibəsində Azərbaycanda inflyasiyanı yaradan səbəblərdən, o cümlədən 2023-cü il üçün inflyasiya gözləntilərindən danışıb.
Amerikanın Səsi: On ayın yekunlarına görə Azərbaycanda inflyasiyanın səviyyəsi 13,5 faizə yaxın olub. Bu yüksək göstəricinin səbəbləri nədir?
Toğrul Vəliyev: İlk əvvəl qeyd etmək lazımdır ki, inflyasiya öz-özlüyündə monitar hadisədir. Yəni maliyyə bazarlarına xas olan hadisədir. Amma bizim reallığımızda qiymət artımı formasında ifadə olunur. Burada bir neçə səbəb var. Bunu, yeri gəlmişkən Mərkəzi Bank tədqiq edir. Bu yaxınlarda Mərkəzi Bankın dərc etdiyi pul siyasəti icmalında da qeyd olunur ki, səbəblərin yarısı, yəni təsir edən amillər daha çox xarici amillərdir. Biz bir çox hallarda idxaldan asılıyıq. Dünya bazarında baş verən qiymət artımı bizə də təsir edir. Bir tərəfdən müsbət təsiri də var. O cəhətdən ki, neft, qaz qiymətlərii qalxıb. Azərbaycan bunun hesabına qazanmağa başlayıb. Eyni zamanda nəzərə almaq lazımdır ki, nəqliyyat xidmətləri yanacaq qiymətinə ciddi surətdə asılılıq edir. Yanacaq xidməti bizə xeyr gətirsə də, başqa tərəfdən idxal əməliyyatlarında qiymət artımına səbəb olur.
Amerikanın Səsi: 2023-cü il üçün inflyasiya gözləntiləri necədir?
Toğrul Vəliyev: Hökümət və Mərkəzi Bank hesab edir ki, bir rəqəmli olacaq. Yeddi faiz civarında. Məsələ ondan ibarətdir ki, bu il üçün də belə gözləntilər var idi. Düzünü desəm burada bir çox amillərdən asılılıq var. Məsələ ondan ibarətdir ki, məsələn müharibə, Rusiya-Ukrayna müharibəsi necə bitəcək. Eyni zamanda dünya iqtisadiyyatında vəziyyət necə olacaq. Biz bilirik ki, həm Çində, həm Avropada böhran tendensiyaları var. Böhran tendensiyaları şəraitində qiymət artımı gözləniləndir. Mən hələlik bir təxmin deməzdim. Amma təxmin edirəm ki, bir rəqəmli qalmayacaq. İki rəqəmli olacaq, çünki bu il çox yüksək inflyasiyadır deyə, növbəti il ola bilsin builkindən nisbətən daha aşağı olsun. Amma yenə də qalacaq.
Amerikanın Səsi: Ekspertlər deyir ki, ölkədə monopoliya var. Sizcə monopoliya hakim olduğu bazarda inflyasiyanı aşağı salmaq mümkündürmü?
Toğrul Vəliyev: Əslinə qalsa monopoliya varsa, bazarda qiymətləri aşağı salmaq daha asandır. Ona görə ki, ən azı monopoliyadır. Yəni hər şey hökumətin əlindədir. Dövlət daha asan tənzimləyə bilər. Amma bizdə bazarlar, belə deyək, bəzi yerlərdə monopoliya, bəzi yerlərdə oliqarxiya formasındadır. Amma burada məsələ ondan ibarətdir ki, biz bir çox hallarda idxaldan asılıyıq. Burada monopoliya yox, daha çox gömrük, vergi siyasəti təsir edə bilər. Əlbəttə, monopoliya təsir edir, o, qiyməti artırır. Buna qarşı mübarizə aparmaq lazımdır. Amma qiymət artımına təsir edən digər amillər də mövcuddur.
Amerikanın Səsi: Hökumət yüksək inflyasiya fonunda aztəminatlı ailələrin sosial müdafiəsi üçün hansı addımları atmalıdır?
Toğrul Vəliyev: İlk olaraq, onu təmin etməlidir. Təəssüflər olsun ki, biz bu istiqamətdə heç bir xüsusi addım görmürük. Hökümət inflyasiyanı qəbul edir. Amma əhalinin sosial dayanıqlığını təmin etmək istiqamətində heç bir addım atmır. Belə deyək, əslinə qalsa bu, genişlənməli idi, sosial-siyasi alətlərdən istifadə olunmalıdır. Məsələn, ünvanlı dövlət sosial yardımı, işsizliklə bağlı ödəniş olsun və ya pensiya və digər sosial ödənişlər olmalıdır. Bunlar artırılmasa belə, müxtəlif əlavələr, ödənişlər edilməlidir. Amma biz bu istiqamətdə heç bir addım görmürük.
Milli Məclisin deputatı Vüqar Bayramov: İnflyasiyanın optimallaşdırılması, tənzimlənməsi baxımından uyğun metod yerli istehsalın genişləndirilməsidir
Your browser doesn’t support HTML5
Milli Məclisin deputatı Vüqar Bayramov Amerikanın Səsinə müsahibəsində bildirib ki, rəsmi statistikada 2022-ci ilin geridə qalan aylarında inflyasiya səviyyəsinin yüksək olduğu qeyd olunur.
"Nəzərə alsaq həm illik inflyasiya, həm də bütövlükdə birinci 10 ayda artımlar müşahidə olunur. Əslində inflyasiya proqnozunun dəyişməsi, təbii ki, daha çox inflyasiyanın qeydə alınması müşahidə olunur. O baxımdan Dövlət Statistika Komitəsinin elan etdiyi inflyasiya göstəricilərində belə, biz artımı müşahidə edirik. Bu da birbaşa ondan xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi fonunda biz yerli istehlak bazarında qiymətlərin artmasını müşahidə edirik".
Onun sözlərinə görə, inflyasiyanın optimallaşdırılması, tənzimlənməsi baxımından uyğun metod yerli istehsalın genişləndirilməsidir.
"İstehsalın genişləndirilməsi idxaldan asılılığı aradan qaldırmaq, nəticə etibarı ilə qiymətlərin optimallaşdırılmasına gətirib çıxara bilər. Eyni zamanda biznes üçün təşviq dairəsinin genişləndirilməsi üçün siyasətin daha geniş, xüsusilə də daha ünvanlı şəkildə həyata keçirilməsinə ehtiyac var. Təbii ki, nəzərə alsaq ki, Nazirlər Kabineti tərəfindən anti-inflyasiya tədbirləri həyata keçirilir. Bu tədbirlərin məqsədi də qiymətlərin optimallaşdırılmasıdır. Amma xarici faktorları nəzərə alsaq, o baxımdan bizim üçün ən vacib məqam idxaldan asılılığın aradan qaldırılmasıdır" , Milli Məclisin deputatı Amerikanın Səsinə bildirib.
Xatırlatma
Azərbaycanda illik inflyasiya oktyabr ayında 15,6 faiz təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Milli Məclisdə 2023-cü ilin dövlət büdcəsinin layihəsi ilə bağlı çıxışında bildirib.
"Cari ilin 10 ayında strateji valyuta ehtiyatları 6 faiz artaraq 55 milyard dolları ötüb. Mərkəzi Bankın valyuta ehtiyatları isə 10,3 faiz artaraq, 7,8 milyard dollara çatıb" , o qeyd edib.
Taleh Kazımov hesab edir ki, növbəti ildə illik inflyasiyanın aşağı olacağı gözlənilir.
"İnflyasiya gözləntiləri nisbətən sabitləşib. Bunu bizim keçirdiyimiz sorğulardan görürük. Mərkəzi Bank öz səlahiyyətləri çərçivəsində adekvat hesab etdiyi yerə qədər pul siyasətini sərtləşdirə bilər. İllik inflyasiya göstəricilərinin azalması fonunda pul siyasətinin sərtləşdirilməsinə pauza verilə bilər. Hazırda məzənnə inflyasiyaya azaldıcı təsir göstərir. Məzənnə sabitliyi isə tədiyyə balansının sabitliyindən asılı olacaq" , o qeyd edib.