"Şərq Tərəfdaşlığı" ölkələrindən olan jurnalistlər mətbuat sahəsindəki problemləri müzakirə edir

"Şərq Tərəfdaşlığı" ölkələrindən olan jurnalistlərin toplantısı

Region ölkələrində mətbuat sahəsindəki problemləri müzakirə etmək üçün "Şərq Tərəfdaşlığı"nın 1-2 dekabr tarixlərində Praqada təşkil edilən konfransında yüzə yaxın jurnalist və KİV peşəkarı iştirak edir.

Tədbir Çexiya Xarici İşlər Nazirliyi və Avropa Komissiyası tərəfindən Azad Avropa Radiosu/Azadlıq Radiosu (AAR/AR) ilə birlikdə təşkil edilib.

Forumun təşkilatçıları qeyd edirlər ki, "Şərq Tərəfdaşlığı" ölkələrində jurnalistlər hədsiz çətinliklərlə üzləşirlər. Bəzi ölkələr Dünya Mətbuat Azadlığı İndeksində ən aşağı yerləri tutur.

Rusiyanın Ukraynaya qarşı qanunsuz və səbəbsiz təcavüzü Rusiyanın təkcə Ukraynaya deyil, digər yaxın xarici ölkələrə də yönəlmiş təbliğatının gücünü və təhlükəsini üzə çıxarıb.

İki günlük konfrans zamanı iştirakçılar "Şərq Tərəfdaşlığı" ölkələrində müstəqil KİV-lərin və peşəkar jurnalistikanın dayanıqlığını artırmağın yollarını müzakirə edəcəklər.

"Şərq Tərəfdaşlığı" ölkələrindən olan jurnalistlərin toplantısı

Çexiyanın xarici işlər nazirinin müavini Yaroslav Kurfürst azad medianın mühüm rolunu qeyd edib.

"Onlar bizə həqiqəti üzə çıxarmağa kömək edirlər. Rusiya təbliğatından qorunmaq lazımdır. Çexiya demokratiyanın inkişafına yardım etməyə hazırdır" , o bildirib.

Yaxın Avropa Komissiyasının Baş Direktorluğunun rəhbəri Lourens Meredit təəssüflə qeyd edib ki, insanlar hələ də dezinformasiyaya məruz qalırlar.

"Biz buna qarşı mübarizə aparırıq. Biz jurnalistlərin peşəkarlığının artmasına kömək etmək istəyirik" , o qeyd edib.

Azadlıq Radiosunun prezidenti və baş icraçı direktoru Ceymi Flay azad medianın rolu və Rusiya təbliğatının təsiri haqqında danışıb.

Ukraynanın xarici işlər nazirinin müavini Emine Caparova Rusiya işğalı şəraitində Ukrayna jurnalistlərinin çətin fəaliyyətindən danışıb.