Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu Amerikanın Səsinə müsahibəsində "Siyasi partiyalar haqqında”yeni qanun layihəsinin real durumu əks etdirmədiyini, partiyaların fəaliyyətini əngəlləmək üçün nəzərdə tutulduğunu deyib.
Amerikanın Səsi: Milli Məclis "Siyasi partiyalar haqqında" qanun layihəsinin yenilənmiş variantını ictimai müzakirəyə təqdim edib. Sənədin yenilənmiş variantında bir sıra dəyişikliklər edilib. Bu dəyişiklikləri necə qiymətləndirirsiniz?
Tofiq Yaqublu: Mənfi qiymətləndirirəm. Onlar əvvəlcə çox sərt müddəalar daxil eləmişdilər. İndi də nəzərdə tutduqları həddə endiriblər. Hamısı mürtəce dəyişikliklərdir və siyasi partiyaların fəaliyyətini əngəlləmək üçün nəzərdə tutulub.
Amerikanın Səsi: Müxalif siyasətçi kimi "Siyasi partiyalar haqqında" qanun layihəsinin daha çox hansı müddəlaları ilə razı deyilsiniz?
Tofiq Yaqublu: Əvvəla deyim ki, "Siyasi partiyalar haqqında" qanun 1992-ci ildə qəbul edilib. Gözəl qanundur. Rahat olaraq tətbiq edilə bilər. Amma o qanunda bütün dəyişikliklər hansısa biclikləri nəzərdə tutub. Amma xüsusən orada qeydiyyat üçün nəzərdə tutulmuş normaları, təsisçilərin sayı ilə bağlı, üzvlərinin sayı qeydiyyata alınmasa fəaliyyət göstərə bilməz. Qəbul etmirəm. Bu cür müddəalar absurddur.
Amerikanın Səsi: Qanun layihəsi qəbul olunarsa onun ölkədə siyasi mübarizəyə təsiri necə olacaq?
Tofiq Yaqublu: Bu qanun layihəsi ona görə irəli sürülüb ki, ölkədəki siyasi fəaliyyəti məhdudlaşdırsınlar. Bu qanun müəyyən problemlər yarada bilər. Ancaq geniş mənada heç bir şeyi dəyişdirməyəcək. Bizim fəaliyyətimizin qabağını necə ala bilərlər? Tutaq ki, indiyə qədər siyasi partiyalar var idi. Amma qeydiyyatları yox idi. Bu təzə qanunda göstərirlər ki, qeydiyyatı olmayan partiyaların fəaliyyət göstərməsi qadağandır. Fəaliyyətimizin qabağısı ala bilməzlər. Biz mütləq qanunu, reallığı dəyərləndirib, başqa üsullar tapacağıq. Yəni siyasi partiyanın qeydiyyatı bizə heç nə vermir. O mənada ki, legitim bir hakimiyyət yox, ölkədə qanunlar işləmir. O qeydiyyatla heç nəyi dəyişdirmək mümkün deyil. AXCP qeydiyyatdan keçmiş partiyadır. Onun sədrinə isə pasport vermirlər ki, ölkədən xaricə gedə bilsin. Qərargahını əlindən alırlar, partladırlar, üzvlərini tuturlar. Yəni qeydiyyat faktiki heç nə vermir. Qanun qəbul edilsə biz vəziyyətə uyğun bir yollar tapacağıq. Heç bir halda qanun bizə onu qadağan edir deyə daha siyasi fəaliyyətimizi dayandıraq belə bir düşüncədə olmayacağıq.
Amerikanın Səsi: Sizcə ölkədə siyasi dialoq hansı prinsiplər üzərində qurulmalıdır və onun predmeti nələri əhatə etməlidir?
Tofiq Yaqublu: Çox təəssüf ki, dialoq məsələsində hakimiyyət manipulyasiya edir. Hakmiyyətə satılmış partiyalar da manipulyasiya edir. Dialoq tamam başqa bir şeydir. Müxtəlif ölkələrdə dialoq olur. İqtidar-müxalifət dialoqu o vaxt olur ki, ölkədə bir idarəetməzlik yaranır. Bir ciddi problem var. Vətəndaş qarşıdurması var. Onda iqtidar-müxalifət dialoqa gedir. Bu, öndə duran məsələlərin həlli üçün. Cəmiyyətin önünü açmaq üçün bir ortaq məxrəcə gəlirlər. Bax, dialoq budur. Bir var avtoritar ölkələrdə iqtidar-müxalifət dialoqu, məsələn Venesuelada oldu. Bir də demokratik ölkələrdə iqtidar-müxalifət dialoqu olur. Məsələn, çox ciddi bir konstitusiya dəyişikliyinə ehtiyac var. Ortaq məxrəcə gələ bilmirlər. Onda onlar bir yerdə oturub konsensus tapmaq üçün dialoqa gələ bilərlər ki, məsələn, bu qanunvericilik və ya konstitusiyanın bu müddəası çox vacibdir. Gəlin bir razılığa gələk. Amma indiki Azərbaycanda dialoq bilirsiniz necə olmalıdır? Sərbəst toplaşma azadlığının təmini, "Siyasi partiyalar haqqında" qanundan imtina edilməsi, siyasi məhbusların azad edilməsi, mətbuat azadlığı və sairə, bu istiqamətlərdə dialoq olmalıdır. Buna ehtiyac var.
Öz növbəsində, Milli Məclisin Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc Amerikanın Səsinə bildirib ki, "Siyasi partiyalar haqqında" qanun müxalif qüvvələrin fəaliyyət imkanlarını daraldılmasına yönəlməyib: "Noyabrın 29-da Milli Məclisin əsas müzakirəsinə çıxarılmazdan qabaq "Siyasi partiyalar haqqında" qanuna 66 dəyişiklik edilib. Həqiqətən burada konseptual olaraq vətən müharibəsindən sonra qalib siyasi sistemin formalaşdırılması ideyası əsas götürülüb. Buna görə də güclü prezident və cəmiyyətin mənafeləri baxımından, onun siyasi təşkilatlanmasını elə bir ideya üzərində aparmaq lazım idi ki, hakimiyyətin və dövlət idarəçiliyinin əsas institusional elementi olan siyasi partiyalar da güclənsin. Layihənin təşəbbüskarları qarşılarına belə bir məqsəd qoymayıblar ki, burada hansısa yeni siyasi qüvvələrin meydana çıxmasının qarşısını alsınlar. Müxalif qüvvələrin fəaliyyət imkanlarını daraltsınlar" , deputat qeyd edib.
Your browser doesn’t support HTML5
O bildirib ki, layihə müzakirəyə çıxarılmamışdan əvvəl vətəndaşların bu istiqamətdə rəyi alınıb.
"Müqayisə üçün qeyd edək ki, hazırda qüvvədə olan qanun dörd fəsil, iyirmi iki maddədən ibarət olduğu halda, hazırkı qanun altı fəsil, 30 maddədən ibarətdir. Otuz maddə də 319 alt hissələrdən tərtib olunub. Bunların mütləq əksəriyyətində partiya sisteminin istər onun yaranması, təsisi, qeydiyyatı, o cümlədən hüquqi şəxsə çevrilərək proqram çərçivəsində fəaliyyətinin hüquqi müstəvidə təşkili, eləcə də maliyyələşmə mexanizmləri, həmçinin partiyalarla bağlı atıla biləcək addımların da qanunvericilik əsasında reallaşdırılması əsas ana xətt kimi keçib. Bəzən bunu yalnız hakim partiyanın maraqlarına uyğunlaşdırıldığını iddia edənlərə, hər hansı məhdudiyyətlər var və yaxud orada müxtəlif siyasi tələlər müəyyənləşdirilib deyə məsələyə qarşı gedənlərə ən mühüm arqumentlə cavab verə bilərik".
Onun fikrincə, bu qanun layihəsi konstitusiyaya uyğun hazırlanıb: "Burada, layihədə hansısa yasaq rejim müəyyənləşməyib. Digər tərəfdən hakimiyyətin və bu məsələ ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarının üzərinə tələb kimi qoyulur ki, atılan hər bir addım siyasi plüralizmin xeyrinə olmalıdır. Hər bir qeydiyyata alınmış partiya bərabər fəaliyyət aparmaq imkanını əldə eləməlidir. Bax bu maddələr mübahisələndirmə şəraitində bütün qüvvələrin, təşkilatların ideologiyasından, siyasi yönünündən aslı olmayaraq, yalnız xeyrinə işləyən bir məsələdir".
Xatırlatma
Milli Məclis "Siyasi partiyalar haqqında" yeni qanun layihəsini müzakirə edir.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, sənədin ictimai əhəmiyyətini nəzərə alaraq, qanun layihəsi ilə bağlı siyasi partiyaların, Qeyri-Hökumət Təşkilatlarının, politoloqların və sosial media nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr keçirilib.
"Bu dinləmələrdə və ictimai müzakirələrdə qanun layihəsi ilə bağlı verilən təkliflər, səslənən fikirlər, qeydlər nəzərə alınıb" , məlumatda qeyd edilir.
"Siyasi Partiyalar haqqında" yeni qanun layihəsinə görə, sənəd Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin (Milli Məclisinin müəyyən etdiyi ümumi qaydalar) 1-ci (Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu hüquqların və azadlıqların dövlət təminatı) və 10-cu bəndlərinə (fiziki və hüquqi şəxslərin statusu) uyğun olaraq, siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinin yoxlanılması, dayandırılması və bərpası, ləğvi qaydasını, həmçinin siyasi partiyanın fəaliyyətinin təşkili, üzvlük və maddi təminat məsələlərini müəyyən edir.