Təbriz vətəndaşı Pərisa Söhrabi oktyabrın 20-də təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və indiyə qədər onun vəziyyəti naməlumdur.
İnsan haqları cəmiyyəti AHRAZ-ın yayımladığı məlumata görə, Pərisa Söhrabi oktyabrın 20-də müstəntiq hakiminin çağırışı əsasında məhkəməyə getdikdən sonra həbs edilib.
Pərisa Söhrabi məhkəmədə həbs edilməzdən əvvəl, sentyabrın 26-da Twitter hesabında tvit yazdıqdan sonra kiber polis tərəfindən həbs edilmiş ancaq sübut olmadığı üçün sərbəst buraxıldığı deyilir.
Təxminən üç həftə sərbəst buraxılandan sonra onu məhkəməyə çağırıblar və orada həbs ediblər.
Pərisa Söhrabini həbsxanada müayinə edən həkim onun fiziki vəziyyətinin yaxşı olmadığını bildirib. Bəzi Twitter istifadəçiləri onun məhkəmədə huşunu itiryi və daha öncədən xəstəliklərdən əziyyət çəkdiyi barədə məlumat paylaşıb.
Onun sağlamlıq durumunun yaxşı olmadığına baxmayaraq, məhkəmə və həbsxana rəsmiləri onun müvəqqəti sərbəst buraxılmasına əngəl olurlar.
Pərisa Söhrabi indiyə qədər həbsdə qeyri-müəyyən vəziyyətdə saxlanlır və yaxınları və qohumları onun səhhəti barədə narahatdır.
İslam Respublikasının bir çox rəsmiləri, o cümlədən İslam Respublikasının ali dini lideri Əli Xamenei sosial şəbəkələrdən istifadə etsə də, bu sosial şəbəkələr İranda vətəndaşlar üçün qadağandır.
Ölkə daxilində vətəndaşlar VPN-lərdən istifadə edərək sosial şəbəkələrə daxil olurlar, lakin vətəndaşların paylaşdığı məzmuna kiberpolis nəzarət edir. Adi vətəndaşlar və ictimai fəallar İslam Respublikası hökumətini və idarəçiliyini tənqid edən yazılar dərc etdiklərinə görə müxtəlif ittihamlarla saxlanılır, həbs və digər cəzalara məhkum edilir.