İranın Şərqi Azərbaycan əyalətinin Culfa şəhərindən olan 15 yaşlı yeniyetmə Ərşiya İmamquluzadə 10 günlük həbsdən sonra həyatına son qoyub.
İnsan haqları təşkilatlarının yaydığı xəbərə görə, İran Azərbaycanı türklərindən olan Ərşiya İmamquluzadə həbsdən çıxdıqdan bir neçə gün sonra intihar edib.
Ərşiyanın yaxınlarının verdiyi məlumata görə, həbsdən girov qarşılığında müvəqqəti olaraq çıxandan sonra o, həbsdə olduğu müddətdə ailəsinə işgəncələrə məruz qaldığını, hər gün ona naməlum həblər verildiyini və dəyənəklə döydüyünü bildirib.
Həbsxanadan çıxandan sonra o, ağır depressiyaya düşüb və bu səbəbdən ailəsi onu psixiatra aparıb və antidepresanlar qəbul edib. Bir neçə günlük müvəqqəti azadlığa çıxandan sonra Ərşiya bir anda bir neçə antidepresan qəbul edərək həyatına son qoyub.
İranda son aylarda baş verən kütləvi etirazlar zamanı din xadimlərinin sarığını düşürməsi gənclər və yeniyetmə məktəb uşaqları arasında yayılıb. Atasının işi ilə əlaqədar Gilan vilayətinin Rəşt şəhərində yaşayan Ərşiya İmamquluzadə dostu ilə birlikdə bir mollanın sarığını düşürüb, maşınla dostu ilə birlikdə həmin yerdən uzaqlaşıb. Lakin təhlükəsizlik qüvvələri mindiyi maşının nömrəsini müəyyən edərək onu həbs etmək üçün hərəkətə keçiblər.
Bundan sonra təhlükəsizlik qüvvələri İmamquluzadənin ailəsinə təzyiq göstərərək, onu təhlükəsizlik qüvvələrinə təhvil verməyə məcbur edib. İranın təhlükəsizlik qüvvələrinin təcridxanasında azyaşlı Ərşiyaya qarşı zorakı davranışı və işgəncələri ona ağır mənəvi zərər vurub.
Ərşiya noyabrın 27-də Culfa şəhərinin Vadi-rəhmət qəbiristanlığında dəfn edilib.
Onun həbs və intihar xəbərini eşidən bir çox insan dəfn mərasiminə gəldiyi bildirilir. Eyni zamanda həmin dəfn mərasiminə qəbiristanlıqda çoxlu sayda təhlükəsizlik qüvvələri göndərildiyi də deyilir. Ərşiyanın dəfn mərasiminə göndərilən təhlükəsizlik qüvvələri mərasimin bir etiraz aksiyasına çevrildiyi təqdirdə, oradakı vətəndaş toplaşmasını dağıtmaqla görəvləndirildiyi bildirilir.
Sosial şəbəkələrdə geniş yayılan videoda Ərşiyə İmamquluzadənin anası Elnaz Ebdali, oğlunun məzarı başında onu qəhrəman adlandırıb və deyib: "sən özünü öldürən adam deyildin, neylədilər sənə?"
İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin açıqladığı son statistikaya əsasən, sentyabrın 16-dan etibarən başlayan İranda xalqın İslam Respublikasına qarşı etirazlarında həyatını itirənlərin sayı 450 nəfərə çatıb ki, onlardan 63-ü uşaqdır.