Türkiyə kürd militantlara qarşı mübarizədə Suriyaya qurudan hücum vədi verib

Your browser doesn’t support HTML5

Türkiyə kürd militantlara qarşı mübarizədə Suriyaya qurudan hücum vədi verib

Türkiyə prezidenti deyir ki, ölkəsinin ordusu Suriyanın şimalında kürd militantlara qarşı “ən əlverişli vaxtda” qurudan əməliyyata başlayacaq. Kürd separatçıları onilliklərdir ki, qiyam aparır.

Noyabrın 23-də partiyasının millət vəkilləri tərəfindən alqışlanan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyaya hərbi hücumu gücləndirəcəyini vəd edib.

“Biz hava hücumları ilə fasiləsiz olaraq irəliləyərkən, özümüz üçün ən münasib zamanda qurudan da terrorçuları məhv edəcəyik” – deyə, Türkiyə Prezidenti qeyd edib.

Türkiyə noyabrın 13-də İstanbulda 8 nəfərin ölümü ilə nəticələnən partlayışda PKK [Kürdüstan Fəhlə Partiyası] terrorçularını günahlandırır. Kürd qrupları məsuliyyət daşıdıqlarını inkar edir.

Buna cavab olaraq Türkiyə Suriya və İraqın şimalındakı kürd mövqelərinə hava hücumları həyata keçirib və Ankaranın iddiasına görə, 184 militant öldürülüb. Kürd qrupları yalnız mülki şəxslərin öldürüldüyünü deyir və Türkiyənin soyqırım müharibəsi apardığını bildirir.

Çərşənbə axşamı Suriyadan sərhədin Türkiyə tərəfinə atılan raketlər nəticəsində azı 3 nəfər həlak olub. Gərginlik, Suriya vətəndaş müharibəsindən sonra qlobal və regional güclərin və onların müttəfiq yarı-hərbi qüvvələrinin iddialarının olduğu gərgin bölgəni alışdırmaq təhlükəsi yaradır.

Türkiyə qüvvələri 2016-cı ildə “Fərat Qalxanı” əməliyyatı çərçivəsində Suriyanın şimalına daxil olaraq İslam Dövləti qrupunu və bu yaxınlarda kürd militantları hədəf alıb. Türkiyə və onun müttəfiqi olan suriyalı yarı-hərbi qüvvələr hazırda sərhəd boyu geniş ərazilərə nəzarət edir.

Bu arada Rusiya rəqib Suriya hökumət qüvvələrini dəstəkləməkdə davam edir. Amma Ali Bilgic deyir ki, Ankara öz əməliyyatlarını genişləndirmək üçün fürsət görür.

“Ukraynadakı müharibə səbəbindən Rusiyanın Suriyadakı təsiri son vaxtlar əhəmiyyətli dərəcədə azalıb. Türkiyə isə, fikrimcə, Suriyadakı status-kvonu Türkiyənin siyasi maraqlarının xeyrinə dəyişmək üçün fürsət axtarırdı” – deyə, o qeyd edib.

Mümkündür ki, Türkiyə prezidenti bunun daxili siyasət üçün faydalarını da görür.

“Türkiyə daha çox suriyalı qaçqını Suriyaya geri göndərə biləcək. Və bu, 2023-cü ilin iyununda keçiriləcək seçkilər baxımından Ərdoğan hökuməti üçün mühüm siyasi uğur olacaq” – deyə, Louboro Universitetindən Ali BilgiÇ bildirir.

Türkiyənin yeni hücum təhlükəsi NATO müttəfiqi ABŞ üçün çətinlik yaradır. Vaşinqton İslam Dövləti qrupu ilə mübarizədə kürd YPG qüvvələrini dəstəkləyib. ABŞ-ın Suriyanın şimalında hələ də 900-ə yaxın əsgəri var. Pentaqon Amerikanın Səsinə verdiyi açıqlamada təmkinli olmağa çağırıb və bildirib ki, “bu hərəkətlər İŞİD-ə qarşı mübarizəni davam etdirmək də daxil olmaqla ortaq məqsədlərimizə xələl gətirir”.

Rusiya da gərginliyi azaltmağa çağırıb. Bilgiç iddia edir ki, Türkiyə özünü güclü geosiyasi mövqedə görür.

“Rusiya ilə danışıq apara bilər. Rusiya üçün isə Türkiyə onun vasitəsilə beynəlxalq və diplomatik təcriddən çıxa biləcəyi ölkələrdən biridir. ABŞ-ın Türkiyəyə ehtiyacı var, çünki Türkiyə qüvvələri Suriyada Rusiyanın dəstəklədiyi Əsəd rejiminə qarşı yeganə NATO qüvvələridir”.