VİP sədri Əli Əliyevin hüquqlarının müdafiəsi komitəsi mətbuat konfransı keçirib

Your browser doesn’t support HTML5

Noyabrın 23-də Vətəndaş və inkişaf partiyasının sədri Əli Əliyevin hüquqlarının müdafiəsi komitəsi mətbuat konfransı keçirib.

Konfransda ötən gün Sabunçu rayon məhkəməsinin Əli Əliyev barəsində çıxardığı 3 il yarım azadlıqdan məhrum etmə cəzası müzakirə olunub.

VİP Mərkəzi Aparatının rəhbəri Əflatun Quliyev çıxışı zamanı məhkəmə prosesləri haqqında danışıb. O bildirib ki, hakim Əli Əliyevin vəkillərinin məhkəmədə sübuta yetirdiyi faktları nəzərə almadan hökm çıxarıb.

"Sual olunur ki, 147 və 148-ci maddələrin tətbiqindən sonra Əli Əliyevə 127.2.3-cü maddə ilə cinayət açılmasına zəruri idimi? Siyasi təhlillər göstərir ki, bəli, qarşı tərəf bunu çox zəruri bir addım kimi sayırdı. Əvvəlki proseslər də bunu göstərir. Görünür ki, proseslər daha dərin qatlarda gedir. Əli Əliyevin dünən məhkəmədə dediyi və bizim də düşündüyümüz kimi məsələ tamam başqa aspektlidir. Məsələ 2025-ci ildə keçiriləcək parlament və prezident seçkilərindən Əli Əliyevi təcrid etməkdən ibarətdir".

Hüquq müdafiəçisi Rüfət Səfərov sonuncu cinayət işi açıldığı gündən etibarən bu prosesə hüquqi deyil siyasi məsələ kimi yanaşdıqlarını deyib. O məhkəmə iclaslarında şahid ifadələrinin eyni olmasına diqqət çəkib:

"Məsələ bundadır ki, əvvəlki müddətlərdə hakimiyyət dairələri Əli Əliyevə az müddətli cəza verməklə düşünüblər ki, onun siyasi iradəsini sındıra biləcəklər. Artıq fakt qarşısında qaldıqdan sonra isə Əli Əliyevi 3 il, 6 ay müddətinə azadlıqdan məhrum etdilər. Prenses zamanı biz cinayət məsuliyyətinin prinsipləri, ədalət prinsipi, təqdirə görə məsuliyyət və s prinsiplərin tam gözardı edildiyini müşahidə etdik. Qərəzsizlik təmin olunmadı. Ümumiyyətlə, ibtidai araşdırmada olduğu kimi, məhkəmə istintaqı da faktlara əsaslanmadı".

Konfransda iştirak edən komitə üzvü Elçin Rəhimzadə Əli Əliyevin ailə üzvlərinin təhlükədə olduğunu deyib. O, həmçinin, Əli Əliyevin səhhətində olan problemlərlə bağlı danışıb.

"İstər əvvəlki məhkəmələrdə çalınan həyəcan təbilləri, istərsə də ayağı ilə bağlı məsələr. Orada xüsusi məqamlardan biri də ailə məsələsidir. Əli Əliyev bu dəfə açıq şəkildə bildirdi ki, onun ailəsi artıq cinayət maddəsi ilə təhdid olunur. 178-ci, yəni dələduzluq maddəsi ilə açıq-aydın təhdid edilirlər".

Partiya rəhbərliyi Əli Əliyev barəsində çıxarılmış sonuncu hökmlə bağlı Azərbaycanda yerləşən xarici ölkələrin səfirliklərinə, həmçinin, beynəlxalq hüquq təşkilatlarına məlumat verəcəklərini bildiriblər.

Rəsmi qurumlar mətbuat konfransı bağlı şərh verməyiblər.