Apellyasiya Məhkəməsi “Demokratiya 1918” Hərəkatının İdarə Heyəti üzvü Afiəddin Məmmədovun şikayətini təmin etməyib

Afiəddin Məmmədov

Noyabrın 23-də Bakı Apellyasiya Məhkəməsində “Demokratiya 1918” Hərəkatının İdarə Heyəti üzvü və Hərəkatın İşçi Masasının sədri Afiəddin Məmmədovun apellyasiya şikayətinə baxılıb. Noyabrın 12-də Xətai Rayon Məhkəməsinin qərarı ilə ona 30 sutka inzibati həbs cəzası verilib.

Afiəddin Məmmədovun vəkili Zibeydə Sadıqova Amerikanın Səsinə bildirib ki, o Cinayət Məcəlləsinin 535.1-ci maddəsi ilə ittiham olunur və iddia olunur ki, Afiəddin polis maşının şüşələrini sındırıb. Vəkilin sözlərinə görə, Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) Afiəddin Məmmədov mahiyyəti üzrə sorğu-sual edilməyib:

“Afiəddin həbsindən 1 gün öncə mətbuata açıqlama vermişdi ki, Orxan Zeynallının yeri məlum olmasa aksiya edəcək, həbsi isə onun bu planının qarşısını almaq üçün olub. Həmçinin o BŞBPİ-də aksiyaya kimlərin gələcəyi ilə bağlı sorğu-sual edilib. Afiəddin noyabrın 11-də həbs olunsa da, onun həbsi noyabrın 12-dən hesablanıb və nə polis idarəsində, nə də məhkəmədə onun vəkili olub. Afiəddin heç bir sənədə imza çəkmədiyi halda məhkəmə vəkildən imtina etməsiylə bağlı sənəd göstərib, o isə bildirdi ki, heç bir sənədə imza çəkməyib”.

Müdafiə tərəfi məhkəmədə kamera görüntülərinin alınması, həmin polislərin dindirilməsi, həmçinin Afiəddin Məmmədovla birgə saxlanılan Elvin Feyruzzadənin şahid kimi dindirilməsi ilə bağlı vəsatətlər verib. Zibeydə Sadıqova bildirib ki, Bakı Apellyasiya məhkəməsi heç bir vəsatəti təmin etməyib və Afiəddin Məmmədovu həbsdə saxlayıb.

Əhməd Məmmədli

“Demokratiya 1918” Hərəkatının sədri Əhməd Məmmədli deyir ki, onlar məhdud sayda şəxslə məhkəmə zalına buraxılıblar və Afiəddin Məmmədovun məhkəmə prosesində iştirak edə biliblər:

“Afiəddin məhkəmədə bildirdi ki, evinin qarşısında 5 mülki geyimli polis tərəfindən saxlanılıb. Lakin məhkəmədə iddia olunub ki, guya o polis maşının şüşələrini sındırıb və polisə müqavimət göstərib. Ondan telefonunun şifrəsini açmasını tələb ediblər, o bundan imtina etdikdə Afiəddini döyüblər və döşəmə taxtası ilə zorlayacaqlarını deyiblər. Afiəddin yenə də bundan imtina edib. Bakı Şəhər Baş Polis İdarəsində ondan vədd almağa çalışıblar ki, işçiləri təşkilatlandırmaqdan imtina etsin və bu halda buraxılacağı deyilib. Afiəddin isə bildirib ki, o heç bir halda siyasi fəaliyyətini polislə və ya siyasi hakimiyyətlə razılaşdırmır”.

Əhməd Məmmədlinin sözlərinə görə, Afiəddin Məmmədov məhkəmədə heç bir protokola imza atmadığı halda, onun adından sənədlərə saxta imza atılıb. Hərəkat sədri deyir ki, Afiəddin Məmmədov siyasi fəaliyyətinə görə həbs olunub.

“Afiəddinə idarədə deyilib ki, sən bir siyasi təşkilatın içində olsan da işçi məsələsinə qarışmamalısan, işçiləri təşkilatlandırmamalısan. O həbsini bununla əlaqələndirir ki, Orxan Zeynallının həbsindən sonra işçilər aksiya edə bilərdi, hətta ondan dəfələrlə aksiya barədə, aksiyada kimlərin iştirak edəcəyi və Kuryerlər Birliyində kimlərin adının olması barədə soruşulub”, deyə Məmmədli bildirib.

Noyabrın 12-də “Demokratiya 1918” Hərəkatının İdarə Heyəti üzvü Afiəddin Məmmədova 30 sutka inzibati həbs cəzası verilib. Noyabrın 11-də gecə saatlarından bəri “Demokratiya 1918” Hərəkatının İdarə Heyəti üzvü Afiəddin Məmmədov və Hərəkatın İşçi Masası Həmkarlar İttifaqları Koalisiyasının Kuryerlər Birliyinin rəhbəri Elvin Feyruzzadədən xəbər alınmırdı. Daha sonra isə Elvin Feyruzzadə sərbəst buraxılıb.

"Demokratiya 1918" üzvləri Afiəddin Məmmədov, Samir Sultanov və Əhməd Məmmədli Bakının mərkəzində aksiya zamanı, 24 avqust 2022

Noyabrın 11-də isə “Demokratiya 1918” Hərəkatının İşçi Masası Həmkarlar İttifaqları Koalisiyasının kuryer üzvü Orxan Zeynallıya 30 sutka inzibati həbs cəzası verilib. Lakin onun nədə ittiham edilməsi barədə dəqiq məlumat verilməyib. Hərəkat üzvləri Zeynallının polis haqqında tənqidi status yazdığına görə həbs edildiyini deyirlər.

“Demokratiya 1918″ Hərəkatının rəhbəri Əhməd Məmmədli də bundan bir müddət öncə inzibatı qaydada həbs edilmişdi. O, polisin qanuni tələbini yerinə yetirməməkdə günahlandırılırdı. Lakin o, ittihamı qəbul etmirdi, sülh çağırışlarına və İlham Əliyevi tənqidlərinə görə həbs olunduğunu deyirdi.

İttihamlarla bağlı Daxili İşlər Nazirliyindən mövqe almaq mümkün olmayıb. Lakin bundan öncə Daxili İşlər Nazirliyinin Kütləvi İnformasiya Vasitələri ilə iş və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Amerikanın Səsinə bildirib ki, Afiəddin Məmmədov və Elvin Feyruzzadə polis orqanlarının birinə dəvət olunub, araşdırma aparılıb sərbəst buraxılacaqlar.

Elşad Hacıyev

İttihamlarla bağlı Daxili İşlər Nazirliyindən mövqe almaq mümkün olmayıb. Lakin bundan öncə Daxili İşlər Nazirliyinin Kütləvi İnformasiya Vasitələri ilə iş və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Amerikanın Səsinə bildirib ki, Afiəddin Məmmədov və Elvin Feyruzzadə polis orqanlarının birinə dəvət olunub, araşdırma aparılıb sərbəst buraxılacaqlar.

“Barələrində hər hansı icraat işi açılmayıb. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində deyillər”, deyə Hacıyev bildirib.